Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlikdən Foodinfo.az-a verilən məlumata görə, Agentliyin Şamaxı regional bölməsinin əməkdaşları tərəfindən rayonun Şəhriyar qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Sarxanov İldırım Məmməd oğluna məxsus ərzaq mağazasında planlı yoxlama aparılıb. Yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, saxlama yerlərində təmizliyə nəzarətin zəif olduğu aşkar edilib. Həmçinin, üzərində Azərbaycan dilində etiket məlumatları olmayan və yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi müəyyən olunub. Nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək qeyd olunan mallar satışdan çıxarılıb və müəssisənin rəhbəri inzibati məsuliyyətə cəlb olunub. AQTA əhalinin sağlam qida ilə təmin olunması sahəsində mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirir.