Taxıl yığımı başa çatdıqdan sonra Şəki rayonunun təsərrüfatlarında payızlıqların səpini üçün yay şumunun çıxarılmasına başlanılıb. Qısa müddətdə təsərrüfatlarda 8600 hektaradək sahədə yay şumu qaldırılıb. Bu ilin payızında rayonda gələn ilin məhsulu üçün 65 min hektaradək sahədə payızlıq dənlilərin səpini proqnozlaşdırılır.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qurumdan bildirilib ki, rayonun təsərrüfatlarında təkrar qarğıdalı əkini isə yekunlaşmaq üzrədir. Cari ildə rayonda min hektaradək sahədə təkrar əkinin aparılması proqnozlaşdırılırdı. Torpaq mülkiyyətçiləri indiyədək 1184 hektar sahədə silos üçün təkrar qarğıdalı əkiblər.