“Qida təhlükəsizliyi haqqında” Qanunun qəbul edilməsi ilə əlaqədar bir sıra qanunvericilik aktlarına, Azərbaycan Respublikasının qanunlarına, o cümlədən ölkə başçısının fərman və sərəncamlarına dəyişikliklər edilib. Foodinfo.az xəbər verir ki, AQTA-nın hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri Əli Nəbiyev vurğulayıb ki, bu dəyişikliklər mövcud qanunvericiliyin “Qida təhlükəsizliyi haqqında” Qanununa uyğunlaşdırılması məqsədi daşıyır. Belə ki, əvvəllər yem məhsullarının dövriyyəsi üçün qeydiyyatı nəzərdə tutulurdusa, indi bu tələb ləğv edilib. “Baytarlıq haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən qeyd olunan məhsullara nəzarət qida zənciri üzrə aparılacaq nəzarət tədbirləri zamanı təmin ediləcək.
“Dövlət rüsumu haqqında” Qanuna edilmiş dəyişikliklərə gəldikdə isə şöbə müdiri əlavə edib ki, əvvəllər qida subyektlərinin qeydiyyatı üçün 150 AZN dövlət rüsumu tələb olunurdusa, sözügedən qanuna edilən dəyişikliklərdən sonra bu rüsum ləğv edilib. Digər dəyişikliyə əsasən obyektlərin təsdiqinə görə dövlət rüsumunun məbləği 150 AZN dəyərində müəyyən edilib. Əli Nəbiyev həmçinin bildirib ki, mikro və kiçik sahibkarlıq subyektləri, dövlət və bələdiyyə orqanları öz obyektlərinin təsdiqi üçün müraciət edərkən dövlət rüsumundan azad olunurlar. Bu da ölkə başçısının uzun illərdən bəri apardığı sahibkarlara dövlət dəstəyi siyasətinin davamı kimi qiymətləndirilə bilər. Qeyd olunan dəyişikliklərlə paralel olaraq, qida təhlükəsizliyi qeydiyyatına və təsdiqinə dair müraciətlərin qəbulu prosesinin tamamilə elektronlaşdırılması bu sahədə fəaliyyət göstərən sahibkarların işinin asanlaşdırılmasına, şəffaflığın təmin edilməsinə xidmət edəcəkdir.