Taralarda daşınan və ya saxlanılan ərzaq və texniki məqsədlər (emal) üçün nəzərdə tutulmuş məhsullardan nümunələrin götürüldüyü bağlama vahidlərinin sayı partiyadakı bağlama vahidlərinin ümumi sayına nisbətdə müvafiq qaydada müəyyənləşdirilir.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat”da bildirilir. Təlimata əsasən, partiyada olan bağlama vahidlərinin sayı 10 ədədə qədər olduqda hər bir bağlama vahidindən, 11-dən 100-ə qədər olduqda 10 bağlama vahidindən nümunə götürülür. Partiyada olan bağlama vahidlərinin sayı 100-dən çox olduqda nümunə götürülmüş bağlama vahidlərinin sayı bağlama vahidinlərinin ümumi sayının kvadrat kökü qədər olur.
Qeyd edək ki, “Bitki və bitkiçilik məhsullarının xüsusiyyətlərindən asılı olaraq, ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsi və laboratoriyaya göndərilməsinə dair Təlimat” “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikası Qanununun, “Fitosanitar nəzarəti sahəsində bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan karantin nəzarətində olan materiallara fitosanitar karantin baxışının keçirilməsi və ekspertizanın aparılması Qaydaları”nın və 31 saylı Fitosanitar Tədbirlərə dair Beynəlxalq Standartın tələbləri nəzərə alınaraq hazırlanıb. Bu Təlimat Azərbaycan Respublikasına gətirilmiş və respublikadan aparılması nəzərdə tutulan bitki və bitkiçilik məhsullarının ətraflı fitosanitar karantin baxışı və ekspertiza üçün nümunələrin götürülməsini, nümunələrin götürülməsi üçün uyğun üsulların seçilməsini və laboratoriyaya göndərilməsini tənzimləyir.