Öünəməxsus təbiəti və ya emal mərhələlərindən asılı olaraq ilkin istehsal, istehsal və ya emal edildikdən sonra 30 günə qədər yararlılıq müddəti olan və yararlılıq müddəti ərzində daşınması, saxlanması və satışının həyata keçirilməsi üçün müvafiq tələblərə uyğun olan qida məhsulları tez xarab olan məhsullardır.
Foodinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərarı ilə təsdiq olunan “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar”da bildirilir. Qaydalara 2 nömrəli əlavəyə (“Qida obyektlərinə dair gigiyena tələbləri”) əsasən, tez xarab olan məhsullar yalnız xüsusi izolyasiya edilmiş qablarda və xüsusi temperatur şəraiti olan avadanlıqlarda daşınmalıdır.
Qeyd edək ki, “Qida məhsulları üzrə gigiyena tələblərinə dair Qaydalar” qida zəncirinin bütün mərhələlərində - ilkin istehsalı, tədarükü, istehsalı, emalı, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi (o cümlədən idxal-ixrac əməliyyatları), ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası, məhv edilməsi əməliyyatları daxil olmaqla qida məhsullarının təhlükəsizliyinə dair gigiyena tələblərini müəyyən edir. Bu Qaydalar “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununa, Avropa Birliyinin “Qida məhsullarının gigiyenası” Reqlamentinə və Kodeks Alimentarius Komissiyasının “Qida gigiyenasına dair ümumi prinsiplər” standartına əsasən hazırlanıb.