Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib.

Foodinfo.az xəbər verir ki, görüşdə AQTİ-nin Analitik Ekspertiza Mərkəzinin rəhbəri Tünzalə Qocayeva qonaqlara  laboratoriyaların maddi-texniki bazası, kadr potensialı, beynəlxalq təşkilatlarla əməkdaşlığı haqqında geniş məlumat verib. Bildirilib ki, ölkəmizdə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması məqsədilə Bakı şəhəri və regionlarda beynəlxalq standartlara cavab verən müasir laboratoriyalar fəaliyyət göstərir. Qeyd olunub ki, Analitik Ekspertiza Mərkəzinin nəzdində fəaliyyət göstərən laboratoriyalarda idxal, ixrac və ölkədə istehsal olunan qida məhsullarının təhlükəsizlik və keyfiyyət göstəriciləri üzrə, baytar-sanitar və fitosanitar təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif müayinələr həyata keçirilir.

AQTİ-nin laboratoriyalarında beynəlxalq standartlara uyğun metodlarla aparılan müayinələrin nəticələrinin dünyanın qabaqcıl ölkələrinin laboratoriyaları ilə uyğunluq təşkil etdiyi nümayəndə heyətinin diqqətinə çatdırılıb.

Görüşdən sonra qonaqlar AQTİ-nin laboratoriyalarına baxış keçirib. Qonaqlar İnstitutun Mərkəzləşmiş nümunə qəbulu məntəqəsi, Kompleks Tədqiqatlar Laboratoriyası və Milli Referens Laboratoriyasındakı bölmələrə baş çəkib, sınaqların aparılması prosesini izləyib, cihaz və avadanlıqlara baxıblar.