Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutu yay aylarında suvarma suyuna olan ehtiyacın azaldılmasına yardım edən təkliflə çıxış edib. Foodinfo.az xəbər verir ki, institutdan verilən məlumata görə, kanallarda suyun 50 faizi itkiyə gedir, ona görə, də su ehtiyatlarının daha yaxşı istifadə edilməsi üçün birinci növbədə kanallara beton üzlüklər çəkilməlidir. "Gələcək üçün də əsas məsələ budur ki, su itkisinin yaranmaması üçün kanallarımız bərk örtüklü üzlüklə üzlənsin. Əgər biz su itkisinin qarşısını 50 deyil, 30 faiz belə ala bilsək, yay aylarında suya o qədər də ehtiyacımız olmaz". Meliorasiya və Su Təsərrüfatı ASC-dən Trend-ə verilən məlumata görə, hazırda ölkədəki suvarma kanallarının 70 faizi torpaq örtüklüdür. ASC-dən qeyd edilib ki, 2003-cü ildən bu günədək 4,5 min km uzunluğunda suvarma kanalı tikilib və təmir-bərpa edilib: "Kanalların üzlüyünün betonlaşdırılması işi hər il aparılır. Hər il dövlət tərəfindən bu məqsədlə maliyyə vəsaiti ayrıldıqca torpaq kanallar beton üzlüklə üzlənir. Bu il də bir çox torpaq kanallara beton üzlük çəkilib. Proses gələn il davam etdiriləcək".