Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bölgələrdə zərərvericilərə qarşı mübarizəyə dair maarifləndirici tədbirləri davam etdirir.

Foodinfo.az-ın xəbərinə görə, tədbirlər çərçivəsində növbəti görüş Zaqatalada fındıq istehsalçıları və ixracatçıları ilə keçirilib. Görüşdə 1 yanvar 2023-cü il tarixdə qüvvəyə minmiş “Qida təhlükəsizliyi haqqında” Qanunda öz əksini tapmış yeniliklər sahibkarların diqqətinə çatdırılıb, formalaşmış hüquqi baza haqqında geniş məlumat verilib.

Tədbirdə son dövrlərdə karantin tətbiq edilən qəhvəyi mərmər bağacığına qarşı qışlama yerlərində həyata keçirilən mexaniki mübarizə tədbirləri haqqında məlumat verilib, yeni mövsümdə zərərvericinin vura biləcəyi zərəri minumuma endirmək məqsədilə sahibkarlar tərəfindən feromon tələ və pestisid ehtiyatının əvvəlcədən yaradılmasının vacibliyi bildirilib.

Görüşdə fındıq ixracı zamanı qarşıya çıxan əsas problemlər, ixrac prosesi zamanı məhsullardan götürülmüş nümunələrin müayinələrinin nəticələri və təhlükəsiz məhsul istehsalı ilə bağlı məlumatlar diqqətə çatdırılıb, sahibkarları narahat edən fındıqda aflatoksin problemi və onun aradan qaldırılması yolları barədə fikir mübadiləsi aparılıb, eyni zamanda aflatoksinin yaranmaması üçün aqrotexniki qaydalara, həmçinin normativ aktların tələblərinə riayət edilməsinin zəruriliyi vurğulanıb.

Tədbirdə “Fındıq məhsullarında aflatoksinin qarşısının alınması ilə bağlı tədbirlərə dair Risk İdarəetmə Planı”na uyğun olaraq 2023-cü ildə aflatoksinlə bağlı bir çox məsələlərin həlli istiqamətində işlərin görüləcəyi, xüsusilə təsərrüfat subyektləri, fermerlər, istehsalçılar ilə müxtəlif mövzularda maarifləndirici görüşlərin təşkil ediləcəyi, fındıq yığımı və tədarükü tarixlərinin müəyyən ediləcəyi, emal müəssisələrinin vəziyyətinin müəyyənləşdirilməsi məqsədilə monitorinqlərin təşkili kimi vacib tədbirlərin həyata keçiriləcəyi bildirilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb, “Aflatoksinsiz fındıq”, “Qəhvəyi mərmər bağacığı” və “Qida məhsullarının etiket məlumatları” adlı bukletlər paylanılıb.