Avokadonun tərkibindəki faydalı maddələrin mümkün zərərli təsirlərdən daha çox olduğu bildirilib. Foodinfo.az Sports.kz-ya istinadla xəbər verir ki, dietoloq Yelena Solomatinanın sözlərinə görə, avokado orqanizm üçün vacib olan bir sıra qiymətli qida maddələri ilə zəngindir.
Mütəxəssis qeyd edib ki, avokadonun tərkibində faydalı tək doymamış yağlar mövcuddur. Xüsusilə zeytun yağında olduğu kimi omeqa-9, günəbaxan yağında olduğu kimi isə omeqa-6 yağ turşuları avokadonun əsas üstünlüklərindən sayılır. Bu yağlar ürək-damar sistemini möhkəmləndirir, sinir və immun sisteminin fəaliyyətini dəstəkləyir, qanda yağ balansını yaxşılaşdırır, dəri və dırnaqların vəziyyətinə müsbət təsir göstərir, eyni zamanda aterosklerozun qarşısının alınmasına kömək edir.
Yelena Solomatina əlavə edib ki, avokado təkcə yağlarla deyil, həm də sinir sistemini dəstəkləyən vitamin və minerallarla zəngindir. Onun sözlərinə görə, bu meyvə mədə-bağırsaq sisteminin fəaliyyətinə də müsbət təsir göstərir və həzmin yaxşılaşmasına kömək edir.
Mövzu ilə bağlı tibb elmləri doktoru, dietoloq Marqarita Korolyova da fikirlərini bölüşüb. O bildirib ki, təbii qırmızı kürü də faydalı maddələrlə zəngin məhsullar sırasındadır. Mütəxəssisin sözlərinə görə, qırmızı kürünün tərkibində omeqa yağ turşuları, A və E vitaminləri, eləcə də digər yağda həll olan vitaminlər mövcuddur.
Korolyova vurğulayıb ki, qırmızı kürü immun sisteminin möhkəmlənməsinə, trombların yaranma riskinin azalmasına və orqanizmdə hüceyrə quruluşlarının sabitliyinin qorunmasına töhfə verir. Mütəxəssislər qeyd edirlər ki, həm avokado, həm də qırmızı kürü normada istifadə edildikdə sağlam qidalanmanın dəyərli tərkib hissəsi ola bilər.






