Dubayda “Gulf Food 2018” XXIII beynəlxalq ərzaq və içki sərgisi açılıb.
Foodinfo.az Azərbaycanın BƏƏ-dəki səfirliyinə istinadla xəbər verir ki, Beynəlxalq Ticarət Mərkəzində keçirilən sərgidə 120 ölkədən 5 mindən çox şirkətin məhsulları nümayiş etdirilir. Azərbaycan dünyanın hər yerindən 95 mindən çox ziyarətçinin gəldiyi bu nüfuzlu sərgidə ərzaq və içki istehsal edən 23 şirkətlə təmsil olunur.
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov, BƏƏ-dəki ticarət nümayəndəsi Elnur Əliyev və diplomatik missiyamızın təmsilçiləri Azərbaycan stendinə gəliblər.
Nümayəndə heyətinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev rəhbərlik edir. Ölkəmiz sərgidə sahəsi 174 kvadratmetr olan “Made in Azerbaijan” milli stendi ilə təmsil olunur.
Milli naxışlarla bəzədilmiş Azərbaycan pavilyonuna gələnlərə ölkəmizdə istehsal edilən, dadı, yüksək keyfiyyəti və rəqabət qabiliyyəti ilə seçilən meyvə şirələri, yerli məhsuldan hazırlanmış müxtəlif şərab markaları, təbii mineral sular, qənnadı məmulatları, Azərbaycan çayının müxtəlif sortları, konservləşdirilmiş məhsullar və s. təklif olunur. Burada quraşdırılmış monitorlarda “Baku Ekspo 2025”i təbliğ edən materiallar, habelə Azərbaycanın görməli yerləri, təbiəti haqqında videoçarxlar nümayiş etdirilir.
Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində “Made in Azerbaijan” brendinin təşviqi haqqında müvafiq Fərmanına uyğun olaraq, ölkəmiz beynəlxalq sərgilərdə fəal iştirak edir.
“Gulf Food 2018” çərçivəsində Azərbaycan şirkətləri öz məhsullarını nümayiş etdirməklə yanaşı, sərginin digər iştirakçıları ilə gələcək əməkdaşlıq barədə danışıqlar aparırlar.
Sərgiyə gələnlərə təqdim edilən kataloqlarda, bannerlərdə Azərbaycan haqqında informasiya yerləşdirilib. Bundan başqa, zallarda quraşdırılmış bütün monitorlarda “Made in Azerbaijan” brendinin reklam çarxları nümayiş etdirilir.
Azərbaycan stendi elə ilk gündə beynəlxalq sərgiyə gələn çoxsaylı ziyarətçilərin diqqətini cəlb edib. Onlar vurğulayıblar ki, ölkəmizin stenddə təqdim edilən məhsulları böyük maraq oyadır, çünki Azərbaycanın bir sıra ərzaq məhsulları BƏƏ bazarında məşhurdur, onlardan bəzilərini yerli satışda tapmaq mümkündür.
“Gulf Food 2018” Körfəz ölkələri və Yaxın Şərq regionunun ixtisaslaşdırılmış sərgisidir. O, dördgünlük işi müddətində görünməmiş sayda ziyarətçiləri, eksponentləri, keçirilən biznes-əməliyyatları ilə ərzaq sənayesinin və içki istehsalının dünyada ən nüfuzlu sərgisidir.