"İnsanların çox olduğu məkanlarda əllərində ucuz qiymətə qida məhsulları satanlar üçün müəyyən ərazi təşkil olunsa, bu, satıcı və alıcılar üçün də yaxşı olar”
Bu sözləri paytaxt küçələrində xırda bizneslə məşğul olan insanlara müəyyən bazar və yarmarkalarda yerlərin ayrılmasından danışarkən Azad İstehlakçılar Birliyinin (AİB) sədiri Eyyub Hüseynov deyib.
Onun qənaətincə, metro stansiyalarının ətrafında, iri ticarət mərkəzi yaxınlıqlarında və ya insanların çoxluq təşkil etdiyi ərazilərdə öz "əl əməklərini” və ya nisbətən qiyməti ucuz olan əşyaları satan insanlar üçün hər hansısa bir yer təşkil etmək olar:
"Bunu bələdiyyə ərazisində etmək mümkündür. Amma yenə də oranın təşkili, qorunması, təmizliyi üçün müəyyən xərc tələb olunacaq. Buna görə də, bələdiyyə həmin xərci öz üzərinə götürüb, bunu təşkil edə bilər. Hətta bələdiyyənin müəyyən qədər qazanc əldə etməsi də mümkündür. Satılan məhsullar qida məhsullarıdırsa, onun insanların sağlamlığı üçün təhlükəsi ola bilər. Hardan və necə gəldiyi, onun tərkibini müəyyən olunmasa, həmin məhsulları satmaq olmaz.
Məhsullar yoxlamadan keçdikdən sonra satılmalıdır. Bazarlarda yaxşı şərait yaradılsa, o cür insanlara bazarın müəyyən bir hissəsində yer verilsə, onlardan az məbləğdə pul alsalar və ya heç almasalar həmin insanlar üçün yaxşı olar. Lakin insanlar əllərində şirniyyat məmulatları, balıq kimi qida məhsullarını gəzdirməsi arzu olunmazdır.
Çünki bu insanların sağlamlıqları üçün təhlükəlidir. Belə hallar fərdi və kütləvi zəhərlənmələrə yol aça bilər. Hər bələdiyyə öz ərazisində belə bir alqı-satqı mərkəzi təşkil etsə, yaxşı olar. Bu şərtlə ki, ərzaq və qida məhsularıdırsa, onların tərkibi dəqiq yoxlanılsın" (Sherg.az)