Fransa alimləri ürək-damar xəstəliklərinin, xüsusən də ürəyin işemik xəstəliklərinin inkişaf riskini artıran qida emulqatorlarını müəyyən ediblər. 

 Foodinfo.az xəbər verir ki, onların elmi işlərinin nəticələrini "BMJ" jurnalı dərc edib.

Məlumata görə, tədqiqatda əsasən qadınlar (79%) olmaqla 95 mindən çox insan iştirak edib. Onların orta yaşı 43 olub. Təcrübənin başlanğıcında heç bir iştirakçı ürək-damar problemlərindən əziyyət çəkməyib. İlk iki il ərzində onlara gündə istehlak etdikləri bütün qida və içkilərin adlarını və markalarını qeyd etmək tapşırılıb. Mütəxəssislər isə qida əlavələrinin dozasını hesablayıblar.

Yeddi illik nəzarətdən sonra alimlər belə qənaətə gəliblər ki, yüksək miqdarda sellüloz (E460-E468) qəbulu ürək-damar xəstəliklərinin, o cümlədən işemiyanın yaranma riskini artırır. Qidada yağ turşularının monoqliserid və diqliseridlərinin (E471 və E472) çox olması da bütün ürək-damar və serebrovaskulyar xəstəliklərin riskini artırır. Digər təhlükəli komponent isə ürəyin işemik xəstəliyinin inkişafına səbəb olan trisodium fosfatdır (E339).