ABŞ-ın Çikaqo şəhərində yerləşən Şimal-Qərb Universitetinin alimləri çayın suyu toksik metallardan təmizlədiyini müəyyən ediblər. Araşdırmalar göstərib ki, təhlükəli çirkləndiricilər sayılan qurğuşun və kadmium çay dəmlənən zaman çay yarpaqlarında qalır və bununla da içkinin özündə bu maddələrin konsentrasiyası azalır. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, mütəxəssislər müxtəlif çay növlərini — qara, yaşıl və çobanyastığı çayını test ediblər.

Nəticələrə görə, xırda doğranmış qara çay ağır metalları digərlərinə nisbətən daha effektiv şəkildə adsorbsiya edir. Eyni zamanda, dəmlənmə müddətinin uzadılması da çirkləndirici maddələrin daha çox azalmasına səbəb olur. Məsələn, çayın 5 dəqiqə dəmlənməsi qurğuşunun səviyyəsini təxminən 15 faiz azaldıb.

Tədqiqat zamanı sellülozdan hazırlanmış çay paketləri ağır metalları uzaqlaşdırmaqda yaxşı nəticə göstərib, pambıq və neylon paketlər isə bu baxımdan daha zəif təsirə malik olub.

Bu kəşf çayın ağır metallara məruz qalma riskinin azaldılmasında potensial vasitə ola biləcəyini göstərir ki, bu da suyun çirklənməsi ilə bağlı narahatlıqların artdığı bir dövrdə xüsusi əhəmiyyət daşıyır.