Son illər sağlam qidalanma trendinin ön sıralarında yer alan çia toxumu faydaları ilə yanaşı, düzgün istifadə edilmədikdə bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bu “super qida”nın istehlakı zamanı diqqətli olmaq tövsiyə edilir.

Foodinfo.az xəbər verir ki, çia toxumu maye ilə təmasda həcmini bir neçə dəfə artırır. Quru halda qəbul edildikdə isə boğazda şişərək udma çətinliyi və hətta boğulma riski yarada bilər. Xüsusilə uşaqlar və yaşlılar üçün bu risk daha yüksək qiymətləndirilir.

Digər tərəfdən, çia toxumunun yüksək lif tərkibi həddindən artıq istehlak edildikdə mədə-bağırsaq sistemində narahatlıqlara yol aça bilər. Şişkinlik, qaz, qarın ağrısı və ishal bu hallarda ən çox rast gəlinən şikayətlər sırasındadır.

Həmçinin, çia toxumu qan durulaşdırıcı, şəkər və təzyiq dərmanları qəbul edən şəxslərdə dərmanların təsirini dəyişə bilər. Nadir hallarda allergik reaksiyalar da müşahidə olunur.

Çia toxumunu mütləq əvvəlcədən suda, süddə və ya qatıqda islatmağı, gündəlik miqdarın isə 1–2 xörək qaşığını keçməməsi tövsiyə edilir. İlk dəfə istifadə edənlərin az miqdardan başlaması məsləhət görülür.

Nəticə olaraq, çia toxumu düzgün və ölçülü istifadə edildikdə faydalı qida hesab olunur. Lakin nəzarətsiz və yanlış istehlak sağlamlıq üçün risk yarada bilər.