Qəhvə uzun illərdir sağlamlığa müsbət təsiri ilə gündəmdədir. Foodinfo.az bildirir ki, ABŞ-ın Tafts Universiteti və Brigham Women’s Hospital alimlərinin apardığı yeni araşdırma qəhvənin faydasının onun necə içilməsindən birbaşa asılı olduğunu ortaya qoyub. Nəticələr Journal of Nutrition jurnalında dərc olunub.
Tədqiqatçılar 1999–2018-ci illər arasında ABŞ-da aparılan Milli Sağlamlıq və Qidalanma Araşdırmasının (NHANES) 46 mindən çox yetkin iştirakçısının məlumatlarını təhlil ediblər. Bu məlumatlar Milli Ölüm İndeksinin hesabatları ilə müqayisə olunub. Əsas məqsəd qəhvənin qoruyucu təsirinin şəkər və süd kimi əlavələrlə dəyişib-dəyişmədiyini müəyyən etmək olub.
Araşdırma çərçivəsində qəhvə istehlakı bir neçə meyar üzrə qiymətləndirilib: kofeinli və kofeinsiz olması, tərkibində əlavə şəkər və doymuş yağların (süd, qaymaq) miqdarı. Qəhvə içməyən şəxslər isə nəzarət qrupu kimi götürülüb.
Nəticələrə görə, gündə bir fincan qəhvə içmək vaxtından əvvəl ölüm riskini təxminən 16 faiz azaldır. Gündə iki-üç fincan qəhvə qəbul edənlərdə bu müsbət təsir daha da güclü olub. Lakin bu fayda əsasən sadə qara qəhvə və ya minimum əlavəli içkilər üçün keçərli sayılır.
Alimlər müəyyən ediblər ki, bir fincan qəhvəyə 2,5 qramdan çox şəkər və ya 1 qramdan artıq doymuş yağ əlavə edildikdə qəhvənin qoruyucu təsiri xeyli zəifləyir. Süd, qaymaq və şəkərlə zəngin olan latte, frapuççino kimi içkilər isə qara qəhvə ilə eyni səviyyədə fayda göstərmir.
Mütəxəssislər vurğulayırlar ki, qəhvənin sağlamlığa verdiyi üstünlüklərdən maksimum yararlanmaq üçün onu mümkün qədər sadə şəkildə – az şəkərli və ya şəkərsiz içmək daha məqsədəuyğundur. Bu yanaşma həm qəhvənin təbii təsirini qoruyur, həm də artıq kalori və yağ qəbulunun qarşısını alır.
Araşdırma bir daha göstərir ki, gündəlik vərdişlərdə kiçik dəyişikliklər belə uzunmüddətli sağlamlığa müsbət təsir göstərə bilər.






