Yeni il süfrəsinin ən sevilən hissələrindən biri şirniyyatlardır. Foodinfo.az bildirir ki, nutrisoloq və qidalanma davranışının korreksiyası üzrə mütəxəssis Nikolay Miller bayram günlərində orqanizmi yormayan, daha balanslı desert variantları barədə tövsiyələr verib. Onun sözlərinə görə, tamamilə “zərərsiz” şirniyyat anlayışı olmasa da, düzgün seçimlərlə şəkər və kalori yükünü xeyli azaltmaq mümkündür.

Mütəxəssis qeyd edir ki, yeni il üçün desert seçərkən əsas meyarlar orta kalorili olması, tərkibində lif və ya zülalın yer alması, həmçinin doymuş yağların minimum səviyyədə saxlanılmasıdır. Bu yanaşma qlükozanın qana daha yavaş keçməsinə və toxluq hissinin daha uzun müddət qalmasına kömək edir.

Nutrisoloqun ən çox tövsiyə etdiyi desertlərdən biri darçınla sobada bişmiş almalardır. Meyvənin tərkibindəki təbii şəkərlər pektinlə birləşərək qlükozanın sorulmasını ləngidir. Bir porsiyanın kalorisi cəmi 120–150 kkal təşkil edir. Yunan yoqurtu ilə təqdim edildikdə isə əlavə zülal və probiotik faydası əldə olunur.

Digər alternativ agar-aqarla hazırlanan panna-kottadır. Bitki mənşəli qatılaşdırıcı olan agarın tərkibinin böyük hissəsi lifdən ibarətdir. Bu desert klassik tortlara nisbətən xeyli yüngül hesab olunur və şirinlik səviyyəsini asanlıqla tənzimləmək mümkündür.

Şokolad sevənlər üçün isə avokadolu şokolad musu tövsiyə edilir. Bu desert zəngin dada malik olmaqla yanaşı, qaymaq və şəkərin miqdarını azaltmağa imkan verir. Faydalı yağlar hesabına daha balanslı seçim sayılır.

Biçirmədən hazırlanan kəsmikli çizkeyk də diqqət çəkən variantlar sırasındadır. Kəsmik və yunan yoqurtu zülalla zəngin olduğu üçün toxluq hissini daha yaxşı təmin edir. Şirinlik isə bal və ya şəkər əvəzedicisi ilə tənzimlənə bilər.

Bayram süfrəsi üçün universal desertlərdən biri də yoqurt və qoz-fındıq əlavə edilmiş meyvə salatıdır. Bu desert vitamin, lif və faydalı yağlarla zəngin olmaqla yanaşı, təxminən 150–180 kkal enerji dəyərinə malikdir.

Nikolay Miller şirniyyatın düzgün istehlakı ilə bağlı da bir neçə məsləhət verib. Onun sözlərinə görə, desert əsas yeməklərdən 30–60 dəqiqə sonra yeyildikdə şəkər daha tədricən sorulur. Kiçik boşqabdan istifadə porsiyanı avtomatik azaldır, yavaş və diqqətli yemək isə artıq kalorilərin qarşısını alır. Eyni zamanda, bütün desertləri dadmaq əvəzinə bir sevimli şirniyyata üstünlük vermək daha məqsədəuyğundur.

Mütəxəssis sonda vurğulayıb ki, əsas məqsəd qadağalar deyil, balansdır. Təbii məhsullar, ölçülü porsiyalar və tərkibində liflə zülal olan desertlər yeni il şirniyyatlarını həm dadlı, həm də daha uğurlu seçimə çevirə bilər.