Düzgün qidalanma təkcə çəki və enerji səviyyəsinə deyil, eyni zamanda hormon sisteminin sağlam işləməsinə də birbaşa təsir göstərir. Foodinfo.az bildirir ki, endokrinoloq İrina Ostrovskayanın sözlərinə görə, gündəlik rasion cinsi hormonların – estrogen və testosteronun balansının qorunmasında həlledici rol oynayır.

Mütəxəssis izah edib ki, estrogen və testosteron steroid hormonlardır və onların sintezi xolesterin əsasında baş verir. Bu səbəbdən uzunmüddətli, tam yağsız pəhrizlər hormon istehsalını poza bilər. Hormon balansı üçün yalnız yağlar deyil, həmçinin vitaminlər, minerallar və fermentlər də vacibdir.

Estrogen səviyyəsinin normal saxlanılması üçün rasionda faydalı yağlara yer verilməlidir. Zeytun yağı, avokado kimi mono doymamış yağlar, eləcə də yumurta və keyfiyyətli kərə yağı kimi mənbələrdən alınan doymuş yağlar hormon sintezi üçün əsas material rolunu oynayır. Bununla yanaşı, liflə zəngin qidalar estrogenin bağırsaqlarda artıq miqdarının xaric olunmasına kömək edir. Tərəvəzlər, meyvələr, tam taxıllar və paxlalılar bu baxımdan xüsusilə faydalıdır.

Həkim fitoestrogenlərin də rolunu qeyd edib. Soya məhsulları, kətan toxumu, küncüt, mərcimək və noxud tərkibində estrogenə bənzər bitki mənşəli maddələr saxlayır. Bu maddələr estrogen çatışmazlığı zamanı simptomları yüngülləşdirə, artıq estrogen olduqda isə onun təsirini zəiflədə bilər. Brokkoli, gül kələmi və Brüssel kələmi kimi xaççiçəkli tərəvəzlər isə qaraciyərin artıq estrogeni zərərsizləşdirməsinə kömək edir.

Vitamin və mineral balansı da xüsusi əhəmiyyət daşıyır. B qrupu vitaminləri və maqnezium qaraciyərdə hormonların parçalanmasında iştirak edən fermentlərin normal işləməsi üçün vacibdir. Bu maddələr yarpaqlı göyərti, qoz-fındıq, yumurta və tam taxıllı məhsullarda bol miqdarda mövcuddur.

Mütəxəssis bəzi qidaların isə estrogen balansını poza biləcəyini xatırladıb. Alkoqol qaraciyərin yükünü artırır, şəkər və rafinə olunmuş karbohidratlar isə insulin müqavimətinə səbəb olaraq hormon tarazlığını poza bilər. Plastik qablaşdırmalarda olan bəzi maddələr də estrogenə bənzər təsir göstərə bildiyi üçün qidaların şüşə və ya metal qabda saxlanılması tövsiyə olunur.

Testosteronun normal səviyyədə qalması üçün isə sağlam yağlar, kifayət qədər kalori və zülal vacibdir. Yumurta sarısı, yağlı balıq, avokado və qoz-fındıq testosteronun sintezinə dəstək olur. Sink bu hormon üçün əsas minerallardan biridir və balqabaq tumu, qırmızı ət və dəniz məhsullarında mövcuddur. Vitamin D və maqnezium da testosteron istehsalında mühüm rol oynayır.

Həkim sonda vurğulayıb ki, balanslı qidalanma, ifrat pəhrizlərdən uzaq durmaq və müxtəlif qida qruplarını rasiona daxil etmək hormon sağlamlığını qorumağın əsas yoludur.