Bağırsaq sağlamlığı ümumi immun sisteminin güclü qalmasında mühüm rol oynayır. Foodinfo.az bildirir ki, Piroqov Universitetinin Ana və Uşaq İnstitutunun dosenti Olqa Tarasovanın sözlərinə görə, gündəlik rasiona düzgün içkilərin əlavə edilməsi bağırsaq mikroflorasının balansını qorumağa və iltihabi problemlərin azalmasına kömək edə bilər.
Mütəxəssis vurğulayıb ki, bağırsaqlarda yaşayan faydalı bakteriyalar vitaminlərin sintezində iştirak edir və zərərli mikroorqanizmlərlə mübarizə aparır. Bu səbəbdən probiotiklərlə zəngin içkilər həzm sisteminin sağlamlığını qorumaqda xüsusi əhəmiyyət daşıyır.
Olqa Tarasovanın tövsiyə etdiyi əsas içkilərdən biri kefir və yoqurtdur. Bu məhsulların tərkibində bağırsaqlarda təbii şəkildə mövcud olan laktobakteriyalar və bifidobakteriyalar yer alır. Onların müntəzəm qəbulu faydalı mikroorqanizmlərin sayını artıraraq həzmi yaxşılaşdırır. Eyni zamanda çay göbələyi, yəni kombuça da bağırsaq florasının zənginləşməsinə müsbət təsir göstərir.
Mütəxəssis rasionda prebiotiklərin də vacib olduğunu qeyd edib. Prebiotiklər probiotik bakteriyaların qidalanmasına və aktivliyinin artmasına şərait yaradır. Bu maddələr təkcə tərəvəz, meyvə və paxlalılarda deyil, həm də liflə zəngin olan sikoridə mövcuddur. Sikoridən hazırlanan içkilər bağırsaq mikroflorasının balansını qorumağa kömək edir.
Bağırsaq disbiozu zamanı prebiotik və probiotiklərin birlikdə istifadəsi daha effektiv sayılır. Həkimin sözlərinə görə, kefirli banan smuzisi və ya yoqurtla qaragilə (blueberry) hazırlanmış içkilər həm mövcud bakteriyaları qoruyur, həm də onların sayının artmasına şərait yaradır.
İltihabi bağırsaq problemləri zamanı isə yaşıl çay xüsusi tövsiyə olunur. Olqa Tarasova bildirib ki, yaşıl çayın tərkibində olan polifenollar zərərli bakteriyaların, o cümlədən bağırsaq çöplərinin çoxalmasının qarşısını alır. Bu maddələr iltihabi bağırsaq xəstəliklərinin və mədə-bağırsaq narahatlıqlarının simptomlarının azalmasına kömək edir. Mütəxəssis gün ərzində üç fincan yaşıl çay içməyin faydalı ola biləcəyini qeyd edib.
Sonda həkim vurğulayıb ki, bağırsaq sağlamlığının qorunması üçün balanslı qidalanma ilə yanaşı, düzgün içki seçimi də vacibdir. Probiotik və prebiotiklərlə zəngin içkilər həzm sistemini dəstəkləyərək ümumi sağlamlığa müsbət təsir göstərir.






