Pandemiyanın yaxşı mənada reklam etdiyi məhsullardan biri də süddür.

Bütün dünyada həkimlər və səhiyyə mütəxəssisləri onun koronavirus infeksiyası ilə mübarizədə immun sistemini gücləndirdiyini xüsusilə vurğulayır. Nəticədə iri süd istehsalçıları artan tələbatı qarşılamaq üçün yeni fermalar tikmək uğrunda yarışa giriblər.

Ötən il 34 milyon ton süd istehsalı ilə dünya üçüncüsü olan Çin də bu yarışa qoşulub.

Foodinfo.az Reutersə və Beijing Orient Dairy konsaltinq şirkətinə istinadla xəbər verir ki, təbii südün rekord qiymətləri və ötən ilki hökumət subsidiyalarından ruhlanan yerli istehsalçılar 200-dən artıq yeni südçülük təsərrüfatı quracaqlarını elan ediblər. Yeni layihələrin 60%-dən çoxu ən azı 10 min baş inək əlavə etməyi düşünür. Bütövlükdə, istehsal həcmini artırmaq üçün 2,5 milyon baş inək lazımdır, bu isə hazırda Çindəki sağmal inək sayının yarısı deməkdir.

Kifayət qədər böyük ambisiyadır, amma...

Çinin illik 62 milyard dollar satış həcminə malik süd bazarı böyük perspektiv vəd edir. Lakin, hazırkı istehsal həcmi daxili tələbatın ancaq 70%-ni ödəyir. Üstəlik, adambaşına illik süd istehlakı inkişaf etmiş ölkələrdən çox geri qalır. Euromonitor International bu rəqəmin ABŞ-da 50 litr, Çində isə cəmi 6,8 litr təşkil etdiyini bildirir. Nəticədə, təbii südün litri 2 dollaradır ki, bu da Böyük Britaniya və ABŞ-la müqayisədə 2 dəfə bahadır.

Bəs inəkləri hardan tapaq?

Ən iri yerli istehsalçılardan olan Modern Dairy növbəti 5 ildə inək sayını ikiqat artıraraq, 500 min başa çatdırmağı planlaşdırır. Şanxayda yerləşən Bright Dairy and Food Co.Ltd əlavə 33 min baş inək almaq, Youran Dairy şirkəti isə yeni fermalar üçün IPO-ya gedərək 800 milyon dollar investisiya cəlb etmək niyyətindədir.

Proqnozlar növbəti iki ildə Çinin yerli maldarlıq təsərrüfatlarının 500 min baş inək təmin edəcəyini, ən azı 400 min başın da xaricdən idxal edilməli olduğunu bildirir. Təkcə ötən il Çinə Avstraliya və Yeni Zelandiyadan 200 min baş sağmal inək gətirilib.

Lakin Yeni Zelandiyanın bu ilin aprelindən etibarən 2 il müddətinə diri mal-qara ixracına qadağa qoyması vəziyyəti çətinləşdirir. Alternativ kimi Braziliya, Çili və Uruqvay, eləcə də ABŞ və Avropa İttifaqı qalır. Lakin Cənubi Amerikadan nəql xərci baha və müddət uzundur, ABŞ-la hələ 2020-ci ilin yanvarında imzalanan Mərhələ 1 ticarət razılaşmasından isə xəbər yoxdur. Deməli, hazırda tikilən 1,4 milyon baş həcmində fermaların çoxusu boş qalacaq.

Üstəlik, yem qiymətləri ciddi şəkildə artır, xüsusən qarğıdalı və yoncada bahalaşma rekord həddə çatıb. Belə vəziyyətdə hazırda dünya üçüncüsü olan Çinin hansı tədbirlərgörəcəyi hələ qeyri-müəyyəndir.