Rollar və suşilər dünyada ən çox sevilən yeməklər arasında olsa da, onların düzgün saxlanmaması sağlamlıq üçün təhlükə yarada bilər.

Foodinfo.az xəbər verir ki, “Qida məhsulları” istiqamətinin rəhbəri, “Qanun və sağlamlıq” fondunun nümayəndəsi Olqa Aniçenkova bu yeməklərin yalnız hazırlanandan dərhal sonra yeyilməsinin daha təhlükəsiz olduğunu bildirib.

Onun sözlərinə görə, məhsulun keyfiyyətini qiymətləndirərkən zahiri görünüş, qoxu və teksturaya diqqət yetirmək lazımdır. Aniçenkova deyib ki, keyfiyyətsiz rolların əsas əlamətləri arasında quru və sərt düyü, təbii parlaqlığını və elastikliyini itirmiş balıq, solğun rəng və formasını itirmiş nori yosunu göstərilə bilər.

Mütəxəssis əlavə edib ki, otaq temperaturunda rolların saxlanma müddəti üç saatdan artıq olmamalıdır. Soyuducuda isə tərkibindən asılı olaraq on iki ilə qırx səkkiz saatadək qalması mümkündür.

Aniçenkova həmçinin vurğulayıb ki, soya sousu, zəncəfil və vasabi ayrı qablaşdırmada saxlanmalıdır. Onun fikrincə, bu qaydalara əməl olunmadıqda yeməklərin dad keyfiyyəti azalır və sağlamlıq üçün risk yaranır.