Rəngarəng görünüşü və zəngin dadı ilə bibər həm gündəlik mətbəxdə, həm də sağlam qidalanmada geniş istifadə olunur.

Foodinfo.az “Aif.ru” saytına istinadla xəbər verir ki, dietoloq Mar’yana Jutova müxtəlif rəngli bibərlərin faydaları barədə danışıb və hansı növün daha üstün olduğunu açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, bibər vitamin və antioksidantlarla son dərəcə zəngindir. Orta ölçülü bir bibər gündəlik C vitamini tələbatını 100 faizdən çox qarşılaya bilir. C vitamini immuniteti möhkəmləndirməklə yanaşı, kollagen sintezində də mühüm rol oynayır. Bundan başqa, A vitamini, beta-karotin, B qrupu vitaminləri və fol turşusu bibərin əsas üstünlüklərindəndir.

Xüsusilə idmanla məşğul olan insanlar üçün bibər əvəzsiz qida hesab olunur. C vitamini və antioksidantlar əzələlərin bərpasını sürətləndirir, iltihabi prosesləri azaldır, qanın oksigen daşıma qabiliyyətini artırır. Aşağı kalorili və su ilə zəngin olması isə həm çəkini azaltmaq, həm də əzələ kütləsini artırmaq istəyənlər üçün əlverişlidir.

Rənglər arasında fərqlərə gəlincə, qırmızı bibər C vitamini və antioksidantların ən yüksək miqdarını özündə saxlayır. Sarı bibər tərkibinə görə qırmızıya yaxın olsa da, karotinoidlər baxımından bir qədər zəifdir. Yaşıl bibər isə texniki baxımdan yetişməmiş meyvədir, vitaminləri nisbətən azdır, amma daha çox xlorofil ehtiva edir və xırtıldayan quruluşu ilə seçilir.

Mütəxəssislər bildirirlər ki, bibərin qida dəyəri bişirmə üsulundan da asılıdır. Ən çox vitamin saxlamaq üçün bibəri çiy yemək və ya minimum istilikdə hazırlamaq tövsiyə olunur. Qaynatma zamanı C vitamininin 30-40 faizi, qızartma zamanı isə təxminən 50 faizi itir. Ən optimal üsul isə sobada orta temperaturda (180°C) bişirməkdir.

Jutova qeyd edib ki, “bibərin hər rəngi özünəməxsus üstünlüyə malikdir. Amma gündəlik menyuda müxtəlif rəngli bibərlərin qarışığını istifadə etmək həm immunitet, həm də metabolizm üçün ən ideal seçimdir.”