Arıqlamaq və sağlam çəki saxlamaq üçün metabolizmin sürəti əsas rol oynayır.

Foodinfo.az “Life.ru” saytına istinadla xəbər verir ki, “Mediсina” klinikasının baş metodist-instruktoru, mütəxəssis Kirill Antonov metabolizmi gücləndirməyin yollarından danışıb.

Ekspertin sözlərinə görə, metabolizm orqanizmdə gedən bütün kimyəvi reaksiyaların ümumiliyidir və qidaların enerji çevrilməsində mühüm rol oynayır. Bu proseslər iki əsas istiqaməti əhatə edir: anabolizm – yeni hüceyrə və toxumaların yaradılması, katabolizm isə maddələrin parçalanaraq enerji hasil edilməsidir.

Antonov bildirib ki, metabolizmin yüksək səviyyədə olması təkcə yağ yandırılmasına deyil, həm də qida maddələrinin daha yaxşı mənimsənilməsinə kömək edir. Bu xüsusilə idmanla məşğul olanlar üçün vacibdir, çünki sürətli bərpa prosesi və əzələ kütləsinin qorunması metabolizmdən birbaşa asılıdır.

Qidalanmada əsas diqqət zülala verilməlidir. Mütəxəssis vurğulayıb ki, zülalın parçalanması üçün orqanizm digər qidalara nisbətən daha çox enerji sərf edir. Bu səbəbdən gündəlik menyuda toyuq filesi, balıq, yumurta, kəsmik və paxlalılar üstünlük təşkil etməlidir.

Metabolizmi gücləndirən digər amillər isə müntəzəm qidalanma, kifayət qədər su qəbulu və fiziki aktivlikdir. Mütəxəssis qeyd edib ki, yarım litr təmiz suyun içilməsi belə metabolizmi müvəqqəti olaraq 30 faizədək artıra bilər. İdmançılar isə hər kiloqram çəkiyə ən azı 35 ml su içməlidirlər.

Həkim əlavə edib ki, güc məşqləri uzunmüddətli nəticələr baxımından xüsusilə vacibdir, çünki əzələ toxuması hətta sakit vəziyyətdə belə çox enerji sərf edir. Eyni zamanda, kəskin pəhriz məhdudiyyətlərindən və qeyri-sağlam arıqlama üsullarından uzaq durmaq tövsiyə olunur.