Yaz aylarının sevimli meyvəsi olan çiyələk həm dadı, həm də vitaminlərlə zəngin olması ilə seçilir. Lakin bazara çıxarılan çiyələklərin bir hissəsi tez yetişdirilmək və zərərvericilərdən qorunmaq məqsədilə müxtəlif pestisidlər və kimyəvi maddələrlə emal olunur. 

Bu isə alıcıları haqlı olaraq bir sualla qarşı-qarşıya qoyur: Çiyələyin dərmanlı olub-olmadığını necə bilək?

Foodinfo.az xəbər verir ki, kənd təsərrüfatı mütəxəssislərinin sözlərinə görə, dərmanlı çiyələkləri tanımaq üçün bəzi vizual və dad fərqlərinə diqqət etmək lazımdır:

- Həddindən artıq parlaq və tünd rəng - Təbii çiyələklərin rəngi açıq-qırmızı, bir qədər qeyri-bərabər olur. Əgər çiyələyin rəngi çox tünd və hamarlığı süni kimi görünürsə, dərmanlı ola bilər.

- Ağ və ya yaşıl nüvələr - Ağ və ya yaşıl hissələrin çox olması meyvənin vaxtından əvvəl dərildiyini və kimyəvi təsirlə "yetkinləşdirildiyini" göstərə bilər.

- Yapışqan səth və xoşagəlməz qoxu - Çox dərmanlanmış çiyələklərin səthində yapışqanlıq və ya qeyri-təbii qoxu hiss edilir.

- Qoxusuz və dadsız meyvə - Təbii çiyələk ətirli və şirin olur. Əgər dadı zəif, aroması yoxdursa, bu da şübhəli haldır.

Ekspertlər bildirirlər ki, çiyələyin dərmanlı olub-olmadığına əmin olmaq çətindirsə, onun doğru şəkildə yuyulması çox vacibdir. Çiyələkləri axar suda yumaqla yanaşı, 15-20 dəqiqə sirkəli və ya duzlu suda gözlətmək kimyəvi qalıqları aradan qaldıra bilər.

Uzun müddət pestisid və hormonlu meyvələr qəbul etmək qaraciyər, böyrək və hormonal sistemə mənfi təsir göstərə bilər. Xüsusilə uşaqlar və hamilə qadınlar üçün bu risk daha yüksəkdir.