Heyvan mənşəli məhsullardan imtina edən, yəni veqan həyat tərzini seçən insanlar çox vaxt bununla həm də ətraf mühiti qoruduqlarına inanırlar. Çünki heyvandarlıq fəaliyyəti istixana qazlarının əsas mənbələrindən biri hesab olunur. Foodinfo.az BB.LV saytına istinadla xəbər verir ki, alimlərin yeni araşdırması bu yanaşmanın birmənalı olmadığını göstərib.

ABŞ-ın Corciya Ştat Universitetinin tədqiqatçısı Emi Traugerin apardığı elmi araşdırmaya görə, veqanlıq bəzi hallarda planet üçün gözlənildiyindən daha çox zərər verə bilər. Sözügedən araşdırma Journal of Political Ecology jurnalında dərc olunub.

Araşdırmada qeyd olunur ki, veqanlar tərəfindən ətə alternativ olaraq istifadə edilən zülalla zəngin məhsulların əksəriyyəti Hindistan, Malayziya və Nigeriya kimi cənub ölkələrində yetişdirilir. Bu məhsulların istehsalı üçün hər il geniş meşə sahələri qırılır və bəzi hallarda insan hüquqlarının pozulması ilə müşayiət olunur.

Alim vurğulayıb ki, heyvandarlığın bütün formaları ətraf mühit üçün eyni dərəcədə zərərli deyil. Əksinə, istehsal və tədarük zənciri qısa olan kiçik yerli təsərrüfatlar həm ekoloji nəzarəti, həm də heyvan və işçi hüquqlarının qorunmasını asanlaşdıra bilər.

E. Traugerin fikrincə, veqanlar kənd təsərrüfatında heyvanlara dəyən zərəri azaltmağa çalışsalar da, dolayısı ilə meşə ərazilərində yaşayan canlılara və yoxsul ölkələrin əhalisinə zərər vurmuş olurlar. Alim hesab edir ki, ətin ölçülü və şüurlu şəkildə istehlakı ekoloji baxımdan daha balanslı yanaşma ola bilər.