Qırmızı ət uzun illərdir dəmirin əsas mənbələrindən biri hesab olunur. Foodinfo.az Sports.kz-ə istinadən xəbər verir ki, Health nəşrinin ekspertləri bəzi məhsullarda dəmirin miqdarının qırmızı ətdən xeyli çox olduğunu açıqlayıblar.
Məlumata görə, bişmiş mal əti qiyməsinin 85 qramlıq porsiyasında təxminən 2,27 milliqram dəmir var ki, bu da gündəlik tələbatın 12,6 faizini təşkil edir. Lakin həm heyvani, həm də bitki mənşəli elə məhsullar mövcuddur ki, onların tərkibində bu mikroelement daha yüksəkdir.

Mütəxəssislərin sözlərinə görə, toyuq ciyəri dəmir baxımından ən zəngin qidalardan biridir. 85 qram toyuq ciyərində 9,86 milliqram dəmir var ki, bu da gündəlik normanın 54 faizinə bərabərdir. Subməhsullar hem tipli dəmir ehtiva etdiyindən orqanizm tərəfindən daha yaxşı mənimsənilir.

Dəniz məhsulları arasında istiridyə də diqqət çəkir. Bir porsiya istiridyədə 8 milliqram, yəni gündəlik tələbatın 44 faizi qədər dəmir mövcuddur. Ekspertlər bildirirlər ki, istiridyəni təhlükəsizlik baxımından bişmiş halda yemək daha məqsədəuyğundur.

Bitki mənşəli mənbələr arasında mərcimək xüsusi yer tutur. Bir stəkan mərciməkdə 6 milliqram dəmir var ki, bu da qırmızı ətdəki göstəricidən iki dəfədən çoxdur. Həkimlər mərciməyi xüsusilə vegeterian və veganlar üçün tövsiyə edirlər.

Eyni miqdarda dəmir tofu məhsulunda da mövcuddur. Soya paxlasından hazırlanan tofu həm də bitki zülalı ilə zəngin olduğu üçün sağlam qidalanmada geniş istifadə edilir.

İspanaq da dəmir baxımından zəngin tərəvəzlər sırasındadır. Bir stəkan ispanaqda 6 milliqram dəmir var. Mütəxəssislər ispanağın C vitamini ilə birlikdə qəbul edilməsinin dəmirin mənimsənilməsini artırdığını vurğulayırlar.

Bir qədər gözlənilməz olsa da, tünd şokolad da dəmir mənbəyi sayılır. Tərkibində 45–69 faiz kakao olan 56 qram tünd şokoladda 4 milliqram dəmir mövcuddur. Kakao miqdarı artdıqca dəmirin də səviyyəsi yüksəlir.

Daha bir faydalı məhsul isə bişirilmiş pomidorlardır. Bir stəkan bişmiş pomidorda 4 milliqram dəmir var və üstəlik, tərkibindəki C vitamini bitki mənşəli dəmirin sorulmasını gücləndirir.

Ekspertlər bildirirlər ki, dəmirin miqdarı ilə yanaşı onun mənimsənilməsi də vacibdir. C vitamini ilə birlikdə qəbul edildikdə dəmir daha yaxşı sorulur, kalsium və bəzi taxıllar isə bu prosesi zəiflədə bilər.

Mütəxəssislərin fikrincə, qırmızı ət dəmir üçün yaxşı mənbə olsa da, düzgün qidalanma zamanı alternativ məhsullardan istifadə etməklə də orqanizmin bu vacib minerala olan ehtiyacını tam ödəmək mümkündür.