Dietoloqlar ev şəraitində hazırlanmış pomidor souslarının həm sağlamlıq, həm də dad baxımından mağaza məhsullarına üstün gəldiyini bildirirlər. Foodinfo.az xəbər verir ki, dietoloq Larisa Nikitinanın sözlərinə görə, bu cür sousların əsas üstünlüyü onların tərkibinə tam nəzarət olunmasıdır.

Mütəxəssis qeyd edib ki, evdə bişirilən ketçup, acı adjika və ya saçıbelidə konservantlar, rəngləndiricilər və dad gücləndiricilər olmur. “Evdə sous hazırlayanda insan bilir ki, ora nə qatıb və nədən imtina edib. Beləliklə, məhsul daha təbii və sağlam olur”, – deyə Nikitina vurğulayıb.

Pomidorun əsas dəyəri onun tərkibindəki likopindir. Bu güclü antioksidant hüceyrələri zədələnmədən qoruyur, ürək-damar xəstəlikləri riskini azaldır və bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir.

Evdə hazırlanmış sousların tərkibinə əlavə edilən digər komponentlər onların faydasını daha da artırır. Məsələn, sarımsaq, soğan və acı bibər orqanizmdə antiviral və antibakterial təsir göstərir, qan dövranını yaxşılaşdırır və həzmi sürətləndirir.

Bundan əlavə, keşniş, reyhan və şüyüd kimi ədviyyatların əlavə olunması sousları həm vitamin A və C ilə zənginləşdirir, həm də onlara yeni dad çalarları verir.

Dietoloq Nikitina vurğulayıb ki, evdə hazırlanmış pomidor sousları yalnız yeməklərə xüsusi ləzzət qatmaqla kifayətlənmir, həm də sağlam qidalanmanın bir parçasına çevrilə bilər.