Hər il yeni doğulan körpələrin 14 faizinin sağlamlığı ciddi riskə məruz qalır. Bu isə bütün dünya üzrə təqribən 19 milyon körpə deməkdir. Söhbət yod qıtlığından gedir.
BMT Xəbərlər Mərkəzinin məlumatına görə, hamiləlik dövründə ananın orqanizmində, həmçinin uşağın həyatının ilk illərində onun orqanizmində yod qıtlığı körpənin baş beyninin zədələnməsinə və intellektual qabiliyyətlərinin xeyli zəifləməsinə gətirib çıxara bilər.
BMT-nin Uşaq Fondunun (UNICEF) və Qidalanmanın Yaxşılaşdırılması üzrə Qlobal Alyansın (GAIN) birgə məruzəsində verilən məlumata görə, risk qrupuna daxil olan uşaqların dörddəbir hissəsi Cənubi Asiyada yaşayır. Bu, ayrı-ayrı ailələrin problemi deyil, dövlətlərin problemidir, ona görə ki, uşaqların intellekt əmsalının azalması ölkələrin ümumi intellektual potensialına və müvafiq surətdə, onların iqtisadi və sosial inkişafına da təsir göstərir.
Yadda saxlamaq lazımdır ki, yod qıtlığına qarşı mübarizə aparmaq mümkündür. Bu məsələnin əsas həll yolu qida məqsədilə yodlaşdırılmış duzdan istifadə etməkdir. Belə duz hamilə qadınların və uşaqların öz orqanizmləri üçün zəruri miqdarda yod almasına kömək edir. Yodlaşdırılmış duz ailənin digər üzvləri üçün zərərsizdir və yemək hazırlamaq üçün məhz ondan istifadə etmək lazımdır.
Yod qıtlığının profilaktika tədbirlərinin sadə olmasına baxmayaraq Cənubi və Şərqi Afrika ölkələrində əhalinin dörddə bir hissəsi yodlaşdırılmış duzdan istifadə etmək imkanından məhrumdur. Nəticədə həmin regionda dörd milyon körpə yod qıtlığının inkişaf etməsi təhlükəsi qarşısında köməksiz vəziyyətdədir.
Bu məsələ Avropada da çox kəskindir. Dünya Səhiyyə Təşkilatının (DST) son məlumatlarına görə, Rusiya və Ukrayna məktəblilərinin orqanizmində yodun miqdarı orta normadan aşağıdır. DST israrla bildirir ki, duzun yodlaşdırılması barədə qanun qəbul edilməlidir. Buna baxmayaraq Rusiyada hələ də belə qanun qəbul edilməyib.
UNICEF dünyanın bütün rayonlarının yodlaşdırılmış duzla təmin edilməsi və qeyd olunan risklərin azaldılması məqsədilə təxirəsalınmaz tədbirlər görməyə çağırır. (AZƏRTAC)