Martın 6-da Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Pullman Bakı mehmanxanasının baş sponsorluğu və Bakcell şirkətinin sponsorluğu ilə “8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə istedadlı qadınların əl işlərindən ibarət “İncəsənət, sənətkarlıq və sahibkarlıq” sərgisi təşkil edilib. Foodinfo.az  xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək olmaq, qadın əl işlərini tanıtmaq və təşviq etməkdən ibarətdir. Pullman Bakı mehmanxanasında təşkil olunmuş sərgidə 70-ə yaxın qadın sahibkarın müxtəlif əl işləri - suvenirlər, zərgərlik əşyaları, rəsm əsərləri, toxuculuq nümunələri, oyuncaqlar, məişət əşyaları və s. nümayiş edilmiş və onların satışı həyata keçirilib. Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının üzv şirkətlərindən, onun əməkdaşlıq etdiyi qurumlardan nümayəndələr, Fransanın Azərbaycandakı Səfirliyinin əməkdaşları sərgidə iştirak etmiş, nümayiş olunan əl işləri ilə yaxından tanış olublar. Pullman Bakı mehmanxanası və Bakcell şirkəti tədbirin sponsorları olaraq qadın sahibkarlara xüsusi diqqət ayırmaqla bütövlükdə qadın məşğulluğunun artırılmasına və sahibkarlıq fəaliyyətinin inkişafına öz töhfələrini veriblər. Sərgi qadın sahibkarların şərəfinə verilmiş kokteyl ilə davam edib.