ABŞ-ın Texas Universitetinin mütəxəssisləri tərəfindən aparılan və bu gün geniş kütləyə təqdim olunan araşdırma, qida rasionundakı liflərin xərçəng müalicəsinə təsirini ortaya qoyub. Məlum olub ki, immunoterapiya alan xəstələrin rasionunda liflərlə zəngin qidaların olması müalicənin uğur şansını ciddi şəkildə yüksəldir. Foodinfo.az "ScienceDaily" portalına istinadla xəbər verir ki, gündəlik hər 5 qramlıq əlavə lif qəbulu bədxassəli şişlərin böyümə riskini 28% azaldır.

Alimlər qeyd edirlər ki, meyvə, tərəvəz və paxlalı qidalarda olan liflər bağırsaq mikrobiomunu sağlamlaşdıraraq immun sistemini xərçəng hüceyrələrinə qarşı daha aqressiv edir. Tədqiqat zamanı dənli bitkilər və qoz-fındıq istehlak edən xəstələrin müalicəyə verdiyi cavab digərləri ilə müqayisədə daha müsbət olub. Onkoloji xəstəliklərdən əziyyət çəkən şəxslər üçün bu kəşf qidalanma vərdişlərinin əhəmiyyətini bir daha sübut edir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, lifli qidalar müalicəni əvəz etmir, lakin onun təsir gücünü artırır. Araşdırmada iştirak edən həkimlər immunoterapiya prosesində bağırsaq bakteriyalarının rolunun həlledici olduğunu bildirirlər. Lifli pəhriz həm də kimyaterapiyanın yan təsirlərini azaltmağa kömək edə bilər. Alimlər xüsusilə işlənmiş qidalardan uzaq durmağı və təbii lif mənbələrinə üstünlük verməyi məsləhət görürlər.

Bu tapıntılar gələcəkdə onkoloji xəstələr üçün fərdi pəhriz protokollarının hazırlanmasına yol açacaq. Təkcə xəstələr üçün deyil, sağlam insanlar üçün də lifli qidalanma xərçəngin profilaktikasında mühüm rol oynayır. Gündəlik rasiona daxil edilən az miqdarda lobya və ya tam taxıllı çörək immuniteti gücləndirən ən sadə vasitədir.