Uşaqların sağlam qidalanması valideynlərin ən çox düşündüyü məsələlərdən biridir. Foodinfo.az xəbər verir ki, dietoloq, qastroenteroloq və hepatoloq Nuriyə Dianova məktəblilər üçün ən faydalı qəlyanaltının ev şəraitində hazırlanan quru meyvələr olduğunu bildirib.

Mütəxəssisin sözlərinə görə, xüsusilə evdə qurudulan alma dilimləri həm dadlı, həm də sağlam alternativdir. Onları nazik halqalar şəklində doğrayıb qoz, fındıq kimi çərəzlərlə birgə uşaqlara təqdim etmək məktəbli üçün həm doyurucu, həm də enerji verici qəlyanaltı rolunu oynayır.

Dianova qeyd edib ki, quru meyvələri yalnız almayla məhdudlaşdırmaq lazım deyil. Uşaqların sevimli zövqlərinə uyğun olaraq armud, ərik, banan və digər meyvələri də qurudub saxlamaq mümkündür. Bu üsul həm menyuya rəng qatır, həm də vitamin və minerallarla zənginləşdirir.

Onun sözlərinə görə, ev şəraitində hazırlanan məhsullar mağazadan alınan hazır quru meyvələrə nisbətən daha təhlükəsizdir. Çünki fabrik istehsalında çox vaxt şəkər, konservant və ya digər qatqılar əlavə olunur ki, bu da uşaqların sağlamlığı üçün arzuolunan deyil.

Ekspert valideynlərə məsləhət görür ki, evdə qurudulmuş meyvələr üçün xüsusi cihaz – dehidratordan istifadə etsinlər. “Ayda bir-iki dəfə qurudun, şüşə bankada saxlayın və il boyu uşaqlarınıza faydalı qəlyanaltı təqdim edin”, – deyə həkim bildirib.

Dianova əlavə edib ki, quru meyvələr lif, təbii şəkərlər, vitamin və minerallarla zəngindir. Onlar diqqəti cəmləməyə, bağırsaq fəaliyyətini yaxşılaşdırmağa və enerji balansını qorumağa kömək edir. Məktəb günlərində belə qəlyanaltılar şagirdlərin uzun müddət tox qalmasına və dərslərdə daha aktiv iştirak etməsinə şərait yaradır.

Həkim valideynləri xəbərdar edib ki, quru meyvələrin miqdarı da normada saxlanılmalıdır. Çünki həddindən artıq qəbul əlavə kalori yüklənməsinə səbəb ola bilər. Optimal porsiya gündəlik bir ovucdan çox olmamalıdır.