Kimi arıqlamaq, kimi də sağlam həyat tərzi üçün vegetarian və ya veqan olmağa üstünlük verir. Eyni səslənsə də, əslində bu iki qrupu bir-birindən fərqləndirən cəhətlər var. Vegetarianlar ət məhsullarından tamamilə imtina edənlər, veqanlar isə nəinki ət, ümumiyyətlə heyvan mənşəli bütün məhsulları, hətta süd, yumurta və s. ərzaqları qida rasionundan çıxarırlar. Hər iki qidalanma növünə pəhriz kimi baxanlar da az deyil. Diyetoloqlar isə birdən-birə ətdən imtina edilməsinin orqanizm üçün ciddi fəsadlar yaratdığını deyirlər.
AZƏRTAC xəbər verir ki, həkim-diyetoloq Leyla Zülfüqarlı bununla əlaqədar deyib: “Dəmir çatışmazlığı və digər anemiyası olanların anamnezini toplayanda onların çoxunun ətdən imtina edənlər olduğunu görürük. Onların orqanizmində ciddi şəkildə B12 vitaminin çatışmazlığı əmələ gəlir, çünki həmin vitaminin əsas təməl qaynağı məhz heyvan mənşəli məhsullardır. Həftədə üç dəfədən az olmayaraq balıq əti, həftədə iki dəfədən az olmayaraq quş əti, həftədə bir dəfə mal əti qəbul edilməsi orqanizm üçün faydalı hesab olunur”.
Sağlam həyat tərzi üçün qida rasionunu balansda saxlamaq lazımdır.
Pəhrizin hər növü çətin və bir az da təhlükəlidir. Orqanizmin vərdiş etdiyi daimi qida rasionundan qəfil imtina bir çox ciddi xəstəliklərə səbəb ola bilər. Buna görə də, ilk növbədə, mütəxəssislə məsləhətləşmək lazımdır. Vegetarian və veqan həyat tərzinə keçməzdən əvvəl isə bu iki həyat tərzi haqqında məlumat toplamaq məsləhət görülür.