Son illər mağazalarda “palma yağı yoxdur” qeydi olan məhsulların sayı artıb. Foodinfo.az BB.LV-yə istinadla xəbər verir ki, son dövrlərdə bir çox istehlakçı tərkibində palma yağı olan məhsullardan imtina etməyə başlayıb. Bunun əsas səbəbi cəmiyyətdə bu yağın guya xərçəng və ürək-damar xəstəliklərinə səbəb olması ilə bağlı yayılan fikirlərdir. Mütəxəssislər isə bildirirlər ki, məsələni düzgün qiymətləndirmək üçün əvvəlcə palma yağının tərkibinə baxmaq lazımdır.
Palma yağı həm doymuş, həm də doymamış yağ turşularından ibarətdir. Bu yağda palmitin turşusu kimi doymuş, olein turşusu kimi isə doymamış yağ turşuları təxminən eyni nisbətdə mövcuddur. Narahatlıqlar əsasən palmitin turşusu ilə bağlıdır, çünki bu maddə bəzi hallarda “pis” xolesterinin səviyyəsini artıra bilər.
Araşdırmalar göstərir ki, palma yağının xolesterinə təsiri digər bitki yağlarının təsiri ilə oxşardır. Alimlər bunu olein turşusunun müsbət təsiri ilə izah edirlər. Bundan başqa, palma yağında trans yağlar yoxdur ki, bu da onun mühüm üstünlüklərindən biri hesab olunur. Xolesterin səviyyəsi baxımından isə bu yağ bəzi hallarda hətta günəbaxan yağından da aşağı göstəricilərə malikdir.
Mütəxəssislərin sözlərinə görə, palma yağı vitaminlərlə zəngindir və yüksək enerji dəyərinə malikdir. Orta miqdarda istifadə edildikdə orqanizm üçün ciddi təhlükə yaratmır. Lakin doymuş yağ tərkibli bütün məhsullarda olduğu kimi, palma yağının da həddindən artıq qəbulu tövsiyə edilmir. Ümumdünya Səhiyyə Təşkilatı vurğulayır ki, yağların normadan artıq istehlakı ürək-damar xəstəlikləri riskini artıra bilər.
Nəticə olaraq qeyd olunur ki, palma yağı özü-özlüyündə təhlükəli maddə sayılmır. Əsas məsələ balanslı qidalanma və məhsulların miqdarına diqqət yetirməkdir.






