Sağlamlığımızın cəlladları...
Plastik qablar və politelin torbalar gündəlik həyatımızın bir parçasına çevrilib. Əvvəllər belə qablardan daha çox içməli suların və quru qidaların qablaşdırılması üçün istifadə edilirdi. İndi isə istifadə etdiyimiz əksər qida və qeyri-qida məhsullarının qablaşdırılmasında bunlara rast gəlirik.
Plastik qablara o qədər öyrəşmişik ki, çoxumuz onun fəsadları barədə düşünmür və ya bilmirik. Bəs belə növ plastik məhsulların gündəlik həyatımızda bu qədər çox istifadəsinin səbəbi nədir? Nə üçün bu "bəla" ilə ailəmizi, uşaqlarımızı, gələcəyimizi öz əllərimizlə bilərəkdən zəhərləyirik?
Bu fəsadlar isə olduqca çoxdur.
Alimlər plastik qab-qacaq, eləcə də polietilen torbaların insan sağlamlığına zərərləri ilə bağlı həyəcan təbili çalır. Araşdırmalar göstərir ki, hazırda hər cür plastik materiallardan qablar hazırlanır. Adətən qablar hazırlanarkən sanitar qaydalar və hazırlanma texnologiyası da ciddi şəkildə pozulur. Onların saxlanma şəraitinə və müddətinə baxılmır.
İstifadə qaydaları pozulmuş bu məhsulların təsiri dərhal hiss edilmir. Çünki onlar orqanizmə təsirini tədricən, yavaş-yavaş göstərir. İnsan orqanizmində bioloji mühitdə dəyişikliklər törədir, bədənin reaksiyası pozulur. Bu da insanlarda ürək-damar sistemində çatışmazlıqlar, tənəffüs sistemi, allergik və s. xəstəliklər, hətta bəzən xərçəngin yaranmasına səbəb olur. Uşaqların və qocaların orqanizmi zəif olduğundan onlara daha çox təsir edir.
Bu səbəbdən alimlər onların istifadəsini nəinki azaltmaq, tamamilə dayandırmaq lazım olduğu qənaətinə gəliblər.
Məsələnin başqa bir tərəfi isə plastik qabların ekoloji cəhətdən çirklənməyə səbəb olmasıdır. Bu tip materialdan olan tullantılarda təbii çürümə prosesi getmir və yüz illər boyu torpağa qarışmır.
Bir müddət keçdikdən sonra isə torpağın münbit qatına keçərək canlılar üçün təhlükə mənbəyinə çevrilir. Onları yandırdıqda isə tərkibindəki kimyəvi qarışıqlar atmosferə çirkli və zəhərli maddələr yayır.
Dünyanın 40-a yaxın ölkəsində plastik məhsulların istifadəsindən imtina edilib. Hətta bir sıra ölkələrdə məsələ ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir və ya qanunlar qəbul edilir. Misal üçün, həmin qabları təhvil verən sakinlərə qarşılığında pul və ya ərzaq kuponu verilir. Fransa parlamenti isə 2020-ci ildən yemək yeyərkən və yemək saxlamaq üçün istifadə edilən plastik qablardan istifadə edilməməsi ilə bağlı qanun qəbul edib.
Bəzi ölkələrdə isə polietilen qabların tərkibinə elə maddələr qatılır ki, müəyyən vaxtdan sonra onda çürümə prosesi gedir. Plastik qabların təkrar istehsalı ilə məşğul olan və ciddi naliyyət əldə edən ölkə təcrübələri də var. Bu təcrübədə Norveç xüsusilə fərqlənir. Bu ölkədə bir il ərzində belə materialdan olan tullantıların 96-97 faizi yenidən istehsala qaytarılıb.
Hazırda Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi qabaqcıl ölkələrin bu sahədəki təcrübəsini təhlil edir və öyrənir. Ölkəmizdə də bu sahədə maarifləndirmə tədbirləri aparılır. Ekoloji çirklənmənin qarşısının alınması və məişət tullantılarının idarə olunması ilə əlaqədar zəruri addımlar atılır.
Hətta ötən ildən paytaxtımıza bu tip tullantıları təhvil alan "Fandomat" adlı aparatlar gətirilib. İlkin mərhələdə aparata atılan plastik və ya dəmir qabın qarşılığında verilən pulu 3 məqsədlə istifadə etmək nəzərdə tutulubsa, gələcəkdə seçimlər daha da artacaq.
Aparılan bazar araşdırılmasına görə, ölkəmizdə hər il 800 milyondan çox plastik qab istifadə edilir ki, bu da 16 milyon manatlıq dövriyyə deməkdir. Hazırda yeni aparatların proqramlaşdırma işləri aparılır.
Bütün bunlar plastik qablar və polietilen məhsulların ziyanını bir daha təsdiq edir. Heç kim bu məhsulların zərərlərindən sığortalanmayıb. Ona görə də hər birimiz bu mövzuda daha həssas olmalıyıq. Həm özümüzün, həm də cəmiyyətimizin sağlamlığını düşünərək onlardan istifadəni maksimim dərəcədə azaltmalıyıq. /Mİlli.Az /