“Poultry Science” jurnalında dərc olunan Çin alimlərinin son araşdırması yumurta yeməyin əvvəllər məlum olmayan faydalarını ortaya çıxarıb. Foodinfo.az xəbər verir ki, Jiangsu əyalətinin Quşçuluq Elmi İnstitutunun tədqiqatçıları yumurtada olan müxtəlif qida maddələrinin piylənmə riskinə təsirini təhlil ediblər. Əsas tapıntılardan biri də yumurtanın müntəzəm istehlakının gənclərin sağlamlığına müsbət təsir etməsidir. Gündəlik yumurta yeyənlər yumurtadan qaçanlardan daha çox lutein, zeaksantin, xolin, B2 və D vitaminləri, selenium, dokosaheksaenoik turşu və zülal alırlar. Bu, pəhrizin ümumi qida dəyərini yaxşılaşdırır və əsas qida maddələrinə olan ehtiyacı ödəyir.
Digər araşdırmalar yumurta ağının yüksək həzm olunduğunu, immunitet sistemini gücləndirdiyini və qan təzyiqini aşağı salmağa kömək etdiyini təsdiqləyib. Yumurta həm də əzələ sağlamlığını yaxşılaşdırır, yaşlı insanları sarkopeniyadan – yaşa bağlı əzələ itkisindən qoruyur, yağ metabolizmasını tənzimləməyə kömək edir və piylənmənin qarşısını alır. Üstəlik, Çin alimləri müəyyən ediblər ki, yumurtanın orta səviyyədə istehlakı qan lipidlərinin səviyyəsinə praktiki olaraq heç bir təsir göstərmir.