Yağlı qidaların qəbulu alkoqoldan sui-istifadə edən insanlarda qaraciyər sirrozunun daha sürətli inkişafına səbəb ola bilər. Foodinfo.az Sports.kz saytına istinadla xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayıb.
Qastroenteroloq Yulia Slasten bildirib ki, yağlı qidalarla alkoqolun birgə qəbulu qaraciyərə düşən yükü daha da artırır və spirtli içkilərin toksik təsirini gücləndirir.
Həkimin sözlərinə görə, məsələ spirtli içkinin növündə deyil, qəbul edilən etanolun ümumi miqdarındadır. Tərkibində alkoqolun konsentrasiyası yüksək olan güclü içkilər toksik dozanın daha tez toplanmasına səbəb olur. Lakin pivə və ya şərabın da böyük həcmdə və mütəmadi qəbulu eyni dərəcədə risklidir. Qaraciyər konkret içkinin “statusuna” deyil, ümumi yüklənməyə reaksiya verir.
Mütəxəssis vurğulayıb ki, alkoqol digər amillərlə birlikdə təsir göstərir. Spirtli içkilərlə yanaşı dərman preparatlarının qəbulu, yağlı qidalar və virus infeksiyaları qaraciyərə düşən yükü kəskin artırır. Bu isə sirrozun formalaşma prosesini sürətləndirə bilər.






