Xroniki stress səhər saatlarında iştahanın itməsinə səbəb ola bilər. Foodinfo.az bildirir ki, qastroenteroloq Anna Menşikovanın sözlərinə görə, uzunmüddətli gərginlik zamanı orqanizmdə həzm prosesləri ləngiyir və bəzən müvəqqəti olaraq dayanır.
Mütəxəssis qeyd edib ki, stress yalnız psixoloji vəziyyətə deyil, həm də mədə-bağırsaq sisteminin fəaliyyətinə birbaşa təsir göstərir.
Onun sözlərinə görə, səhərlər aclıq hissinin olmamasına qeyri-müntəzəm gündəlik rejim və yuxu çatışmazlığı da təsir edən əsas amillər sırasındadır.
Həkim bildirib ki, yuxu rejiminin pozulması sirkadiyal ritmlərin tarazlığını pozur və bu da aclıq və toxluq hissini tənzimləyən hormonların düzgün işləməsinə mane olur.

Nəticədə orqanizm səhər saatlarında aclıq siqnalı göndərmir. Menşikova əlavə edib ki, bu hal uzun müddət davam edərsə, maddələr mübadiləsinin pozulmasına və ümumi halsızlığa səbəb ola bilər.
Mütəxəssislər stressin azaldılması, yuxu rejiminin normallaşdırılması və səhərlər yüngül qidalarla günə başlamağı tövsiyə edirlər.