Fermentləşdirilmiş süd məhsulları – qatıq və kefir – sağlam bağırsaq mikroflorasını qorumaq üçün ideal qidalardandır. Foodinfo.az bildirir ki, bu məhsullar probiotiklərlə zəngindir və həzm sistemini tənzimləməkdə mühüm rol oynayır.

Türkiyəli həkim-diyetoloq Dr. Aysun Koç “Sabah Sağlık” əlavəsinə açıqlamasında qeyd edir ki, kefir və qatıq müntəzəm şəkildə istifadə edildikdə bağırsaqdakı faydalı bakteriyaların çoxalmasına və zərərli mikroorqanizmlərin qarşısının alınmasına kömək edir. O bildirib ki, bu qidalar eyni zamanda immunitet sistemini də gücləndirir.

Journal of Dairy Science dərgisində dərc olunan araşdırmaya görə, fermentləşdirilmiş süd məhsulları iltihab əleyhinə təsir göstərərək bağırsaq keçiriciliyini azaldır və metabolik tarazlığı dəstəkləyir.

Qatıq və kefirin tərkibindəki B qrup vitaminləri, kalsium və zülallar sümük sağlamlığı üçün də vacibdir. Mütəxəssislər bu məhsulların xüsusilə səhər və ya günorta saatlarında qəbul edilməsini tövsiyə edirlər.

Təbii, şəkərsiz və ev şəraitində hazırlanmış qatıq və kefir həzm sisteminə daha faydalıdır. Eyni zamanda laktaza fermenti az olan insanlarda belə bu məhsulların daha asan həzm olunması müşahidə olunur.

Bağırsaq sağlamlığını qorumaq ümumi sağlamlığın təməlidir və bu istiqamətdə qatıq və kefir təbii və effektiv vasitə kimi qəbul edilir.