Yulaf qış mövsümündə ən faydalı və enerji verən qidalardan biri hesab olunur. Soyuq havalarda orqanizmin daha çox enerji tələb etdiyini qeyd edən dietoloqlar, yulafın həm bədəni isindirdiyini, həm də gün boyu davamlı güc verdiyini vurğulayırlar.

Foodinfo.az xəbər verir ki, yulafın tərkibindəki kompleks karbohidratlar enerjini yavaş-yavaş bədənə ötürür. Bu xüsusiyyət insanın qəfil aclıq hiss etməsinin qarşısını alır və uzun müddət tox saxlayır. 

Bundan əlavə, yulafdakı liflər həzm sisteminin fəaliyyətini yaxşılaşdırır və bağırsaq sağlamlığını dəstəkləyir.

Xüsusilə səhər saatlarında isti yulaf sıyığının qəbulu tövsiyə edilir. Bu vərdiş maddələr mübadiləsini aktivləşdirir, yorğunluğu azaldır və bədənin soyuğa qarşı müqavimətini artırır. Yulafa bal, qoz, fındıq, alma və ya darçın əlavə edildikdə isə onun qida dəyəri və enerji təsiri daha da yüksəlir.

Qış aylarında sağlam, güclü və enerjili qalmaq istəyənlər üçün yulaf gündəlik menyunun əsas hissəsinə çevrilməlidir.