Qış aylarında oynaqlarda ağrı və sərtliyin artması bir çox insanı narahat edir. Foodinfo.az xəbər verir ki, AO “Meditsina” klinikasının bərpaedici tibb şöbəsinin baş instruktor-metodisti Kirill Antonov “Çempionat”a açıqlamasında qidalanmanın qığırdaq toxumasının qorunmasında və iltihabi proseslərin nəzarətdə saxlanılmasında həlledici əhəmiyyət daşıdığını bildirib.
Mütəxəssisin sözlərinə görə, omeqa-3 yağ turşuları ilə zəngin qidalar oynaqlar üçün xüsusilə faydalıdır. Bu qrup məhsullara qızılbalıq, skumbriya, kətan yağı və qoz daxildir. Həmçinin antioksidantlarla zəngin giləmeyvələr, tünd yaşıl yarpaqlı tərəvəzlər, çuğundur və az miqdarda tünd şokolad iltihabın azalmasına kömək edir. Kollagen mənbəyi olan sümük bulyonları, xaş tipli yeməklər və soya məhsulları da qığırdaq toxumasının dəstəklənməsində rol oynayır.
Antonov əlavə edib ki, tam taxıllı məhsullar və müxtəlif tərəvəzlər orqanizmi lif və B qrupu vitaminləri ilə təmin edərək oynaqların ümumi vəziyyətini yaxşılaşdırır. Bununla yanaşı, şəkər, transyağlar, marinadlar və yarımfabrikatların həddindən artıq qəbulu məhdudlaşdırılmalıdır. Mütəxəssis vurğulayıb ki, bu tip qidalar bədəndə sistemli iltihabı gücləndirərək oynaqlarda narahatlığı artıra bilər.






