
Saç tökülməsi həm qadınlar, həm də kişilər üçün narahatedici haldır və bu problemin əsas səbəblərindən biri düzgün qidalanmama ola bilər. Foodinfo.az bildirir ki, bu barədə dermatoloq-trixoloq Yelena Maksimova “MedTaym” nəşrinə açıqlamasında danışıb. Onun sözlərinə görə, saç köklərinin sağlam qalması üçün orqanizm kifayət qədər zülal, dəmir, sink və omeqa-3 yağ turşuları almalıdır. Maksimova qeyd edir ki, qırmızı ət, yumurta və balıq kimi zülalla zəngin məhsullar saçın strukturunu qoruyur və yeni saçların çıxmasını stimullaşdırır.
O vurğulayır ki, tünd yaşıl yarpaqlı tərəvəzlər və paxlalılar dəmir və fol turşusu ilə zəngindir və bu maddələr saç follikullarının oksigenlə təchizatını yaxşılaşdırır. Mütəxəssis bildirir ki, qoz-fındıq və badam kimi yağlı toxumlar omeqa-3 və E vitamini baxımından faydalıdır və saç dərisini nəmləndirir.
Həmçinin, biotin (B7 vitamini) saç tökülməsinin qarşısını almaqda mühüm rol oynayır və bu vitamin yumurta sarısı, banan və avokadoda mövcuddur. Maksimova əlavə edir ki, şəkərli və emal olunmuş məhsulların çox qəbulu isə saçlara zərər verə bilər və iltihabi prosesləri gücləndirə bilər.
Saçların sağlam olması üçün qidalanma balanslı və müxtəlif olmalı, eyni zamanda su qəbuluna da diqqət yetirilməlidir. O bildirir ki, yalnız kosmetik vasitələrlə nəticə əldə etmək mümkün deyil, daxili qida dəstəyi vacibdir. Maksimova məsləhət görür ki, saç tökülməsi davamlı hal alarsa, analizlər vasitəsilə vitamin-mineral səviyyəsi yoxlanmalıdır.