Səhərlər bir çox insan günə bir fincan qəhvə ilə başlayır, lakin acqarına qəhvə içməyin sağlamlığa necə təsir etdiyi hələ də mübahisə mövzusudur. Foodinfo.az bildirir ki, bu barədə gastroenteroloq Olqa Andreyeva “Zdorovoe Pitanie” jurnalına danışıb. Onun sözlərinə görə, acqarına qəbul edilən qəhvə mədədə turşuluğun artmasına səbəb ola bilər ki, bu da reflüks, qastrit və digər həzm problemlərini dərinləşdirir.

Mütəxəssis qeyd edir ki, xüsusilə qara qəhvə (şəkərsiz və südsüz) boş mədəyə düşdükdə mədə divarlarını qıcıqlandırır. Bu halda mədə özünü qorumaq üçün əlavə turşu ifraz edir və bu, uzun müddət ərzində selikli qişaya zərər verə bilər. Olqa Andreyeva bildirir ki, qəhvə kortizol hormonunun ifrazını da artırır və bu hormon artıq stress və təzyiqə meyilli olan insanlarda narahatlıq, əllərdə titrəmə və ürək döyüntüsünün artması kimi əlamətlərə səbəb ola bilər.

Ən uyğun variant isə qəhvəni yüngül səhər yeməyindən sonra içməkdir. Mütəxəssis əlavə edir ki, südlə və ya bitki əsaslı əlavələrlə qarışdırılmış qəhvə mədəyə daha yumşaq təsir göstərir. Şəkərsiz və orta qızardılmış qəhvənin gündə bir-iki fincan miqdarında istifadəsi sağlam insanlar üçün zərərli hesab olunmur. Qida mütəxəssisi vurğulayır ki, hər bədən fərqlidir və kimin üçünsə acqarına qəhvə narahatlıq yaratmırsa da, başqasına mənfi təsir edə bilər. Andreyeva nəticə olaraq bildirir ki, orqanizmin siqnallarını dinləmək və qəhvəni düzgün vaxtda qəbul etmək daha məqsədəuyğundur.