Ürək-damar sisteminin sağlamlığı birbaşa qidalanmadan asılıdır və gündəlik istifadə etdiyimiz bəzi məhsullar düşündüyümüzdən daha təhlükəli ola bilər. Foodinfo.az xəbər verir ki, “Lenta.ru”ya danışan “SM-Klinika”nın kardioloqu Anastasya Malay ürək üçün ən zərərli hesab olunan məhsul qruplarını açıqlayıb.

Həkimin sözlərinə görə, ilk və ən böyük təhlükə duzun artıq miqdarıdır. Onun izahına görə, duz bədəndə maye saxlanmasına, təzyiqin yüksəlməsinə və ödemlərin yaranmasına səbəb olur. Malay diqqətə çatdırıb ki, insanların qəbul etdiyi duzun təxminən 80 faizi birbaşa duz əlavə etmədən, hazır məhsullar vasitəsilə — çörək, sosiskalar, kolbasa, souslar və hətta peçenye kimi gündəlik qidalardan daxil olur.

Mütəxəssis bildirib ki, şəkər də ürək üçün təhlükəli qidalar sırasında ön yerlərdən birini tutur. O yalnız desertlərdə deyil, hazır səhər yeməklərində, südlü kokteyllərdə və meyvəli yoqurtlarda da gizlənir. Şəkərin artıq qəbulu maddələr mübadiləsini pozur, piylənməyə səbəb olur və ürək əzələsinin zəifləməsinə gətirib çıxararaq tiamin çatışmazlığı yarada bilər.

Kardioloq həmçinin emal olunmuş ət məhsullarından — kolbasa, sosiska və müxtəlif yarımfabrikatlardan — uzaq durmağı tövsiyə edir. Onların tərkibindəki konservantlar, dad gücləndiriciləri və stabilizatorların mütəmadi qəbulu ürək-damar sistemi üçün ciddi təhlükə yaradır.

Siyahının sonuncu, lakin ən zərərli qruplarından biri isə trans yağlardır. Həkim bildirir ki, marqarin, spred, sürətli qidalar, şirniyyat məmulatları və müxtəlif qəlyanaltılarda olan trans yağlar damarların sağlamlığını pozur, xolesterin balansını dəyişir və ürək xəstəlikləri riskini artırır.

Mütəxəssis vurğulayır ki, bu məhsulların istehlakını azaltmaq və onları daha təbii, təzə və balanslı qidalarla əvəzləmək ürək sağlamlığının qorunmasında mühüm rol oynayır.