
Uşaqların dişlərinin sağlam qalması üçün gündəlik rasionda balıq, tərəvəz və pendir kimi məhsullara yer verilməlidir. Foodinfo.az bildirir ki, bu barədə “SM-Stomatologiya” klinikasının uşaq stomatoloqu Dilyarə Axtyamova “Gazeta.Ru”ya müsahibəsində məlumat verib.
Həkim qeyd edib ki, alma, armud, xiyar və yerkökü kimi sərt meyvə-tərəvəzlər uşaqlar üçün ikiqat faydalıdır. Onlar təkcə qida dəyəri ilə deyil, həm də diş səthini təbii şəkildə lövhədən təmizləmə qabiliyyəti ilə seçilir.
Stomatoloqun sözlərinə görə, sağlam dişlər üçün kalsium və D vitamini əsas rol oynayır. Bu səbəbdən uşaqların menyusunda fındıq, lobya, brokkoli, küncüt, günəbaxan tumu və çia toxumu kimi kalsiumla zəngin məhsullar mütləq şəkildə yer almalıdır.
Dilyarə Axtyamova əlavə edib ki, K2 vitamini də mühüm əhəmiyyət daşıyır. O, kalsium və D vitamininin dişlərə və sümüklərə çatdırılmasını təmin edir. Uşaqlarda diş daşının yaranması bəzən məhz bu vitaminin çatışmazlığından xəbər verir. K2 vitamini kərə yağı, yağlı balıq, duzlu kələm, Gouda və Brie pendirləri, emu yağı və Yapon yeməyi olan natto vasitəsilə əldə edilə bilər.
Bundan başqa, A vitamini ilə zəngin qidalar da uşaqların diş ətinin sağlamlığı üçün vacibdir. Hətta bəzi diş pastalarına bu vitamin əlavə edilir.
Mənbə: Gazeta.Ru