Xocalı sakinlərinin müvəqqəti məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Xocalı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarmarkada kənd təsərrüfatı məhsulları və ərzaq malları qəsəbə sakinlərinə 20-30 faiz aşağı qiymətə təklif edilib.
Satış yarmarkasının keçirilməsində məqsəd istehsalçılarla alıcılar arasında əlaqə yaratmaq, fermerlərin məhsullarını bazara çıxarmasına kömək etmək, əhalini ekoloji cəhətdən təmiz, keyfiyyətli kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin etmək, eyni zamanda, Novruz bayramı ərəfəsində bazarda yarana biləcək süni qiymət artımının qarşısını almaqdır.
Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması qəsəbə sakinlərinin ürəyincə olub. Həm satıcılar, həm də alıcılar yarmarkanın təşkilinə görə razılıqlarını bildiriblər.
Kənd təsərrüfatı və ərzaq məhsullarının yarmarkası Novruz bayramı ərəfəsində hər həftənin şənbə və bazar günləri davam etdiriləcək. (AZƏRTAC)