
Yumurta sarısı beyində yaddaş və diqqət qabiliyyətini gücləndirən vacib qidalardan biridir. Foodinfo.az bildirir ki, bu barədə qidalanma mütəxəssisi Alla Pogorelova açıqlama verib. Mütəxəssisin sözlərinə görə, yumurta sarısında yüksək miqdarda xolin maddəsi var. Bu maddə sinir sisteminin sağlam işləməsi üçün vacibdir.
“Xolin beyində sinir ötürücülərini aktivləşdirərək diqqəti və hafizəni artırır”, – deyə həkim bildirib. O qeyd edib ki, gündə 1-2 yumurta insan orqanizmi üçün optimal hesab olunur. Yumurtanın sarısı, həmçinin göz sağlamlığını qoruyan luteinlə də zəngindir.
Lakin mütəxəssislər yüksək xolesterin problemi olan şəxslərə ehtiyatlı olmağı tövsiyə edir. Sarını tam bişmiş formada qəbul etmək daha faydalıdır. Bu vərdiş xüsusilə stress və yorğunluq zamanı beynin fəaliyyətini aktivləşdirə bilər. Yumurta sadə, lakin güclü təbii dəstəkdir.