Detoks çayları arıqlamaq məqsədilə və metabolizmi sürətləndirərək orqanizmdən zərərli maddələrin xaric olunması üçün istifadə edilir. Sağlam həyat tərzi sürmək üçün həmin çaylardan vaxtaşırı istifadə etmək faydalıdır. Ayda bir-iki dəfə detoks içki və çaylardan yararlanmaq olar. Artıq çəkidən əziyyət çəkənlər, əsasən də xanımlar arıqlamaq məqsədilə müxtəlif detoks çayları hazırlayıb içirlər. Həmin çayları içməzdən əvvəl onun sağlamlığa necə təsir göstərəcəyini araşdırmaq lazımdır, çünki belə çayların həddən artıq qəbulu sağlamlığa mənfi təsirsiz ötüşmür. Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: “Detoks çayları orqanizmdən toksin və şlaklardan xaric etməklə yanaşı çəkinin də bir-iki kiloqram azalmasına səbəb olur. Həmin çayların düzgün dəmlənilməsi də vacibdir. Onu 80 dərəcə temperaturda 20 dəqiqə dəmləmək lazımdır. Suyun temperaturunun 80 dərəcəni keçməsi yarpaqdakı vitaminlərin məhv olmasına və onun faydasızlığına səbəb olur. Yaşlanmanın sürətini azaltmaqda və artıq piylərin azalmasında da detoks çaylarının böyük faydası var”.