Son günlər  bəzi  süni uşaq qidalarının tərkibinin keyfiyyətsiz olması  xəbəri gündəmi zəbt edib. Təbii ki, bir çox valideynlərdə  bu məsələ  ciddi narahatlıq yaradıb. Bəs uşaqların düzgün və sağlam qidalanması üçün  nə etməli? Pediatr-allerqoloq İlahə Həsənli mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, uşaqlar dünyaya gələn andan  onun qidalanması ana südü ilə başlanılmalı, 2 yaşına qədər davam etdirilməli və sonralar onun aldığı qidalar yaşına uyğun olmaqla yanaşı, təbii komponentlərdən də ibarət olmalıdır: “Qidalanmasına görə körpələr 2 qrupa bölünür: ana südü və süni qidalarla qidalananlar.  Süni qidalar vasitəsilə  qidalanan uşaqlarda xəstələnmə və ölüm halları , ana südü və təbii qidalanan uşaqlara nisbətən 4 dəfə çox olur. Ona görə də körpənin inkişafında qidaların rolu  çox vacibdir. Çox təəssüf ki,  müasir dünyamızda süni qidalar və hazır əlavə qidalar günü-gündən artır və tərkibləri ilə bağlı çox məlumat da verilmir. Bu cür qidaların tərkibində istifadə olunan rəngləndirici və dadlandırıcı maddələr,  istər uşaq yaşlarında, istərsə də gələcəkdə  hər bir uşağın həyatında ciddi problemlərə səbəb olur. Hazır meyvə şirələri, meyvəli yoqurtlar, uşaqlar üçün olan  meyvə püreləri, şokoladlar və digər qidaların tərkibində heç bir kalori dəyəri olmayan aspartam adlı sintetik maddə vardır ki, bu da şəkərdən 200 dəfə daha  çox şirindir. Bu kimi qidaların və   digər süni qidaların istifadəsi uşaqlarda allergiyaya səbəb olur. Bundan başqa, istifadə olunan sintetik dadlandırıcılar, emulqatorlar uşaqlarda ishal, ürək bulanma, baş ağrılarına gətirib çıxarır.” Bəs  körpələr nə zaman əlavə qidaya keçirilməlidir?  Pediatr-allerqoloq İlahə Həsənli qeyd etdi ki, körpələr üçün əlavə qidaya keçid vaxtı 6-cı aydan sonra olmalıdır: “Daha tez bir vaxtda və birdən qidalara başlandığı zaman körpənin hələ tam formalaşmamış mədə və bağırsaq sistemində problemlər yaranır və qida allergiyası ilə qarşılaşırıq. Ən çox allergiya törədən qida qrupu proteinlə zəngin qidalardır. Yumurta və inək südü belə qidalardandır. Ən allergik meyvələr isə  çiyələk və kividir. Ümumiyyətlə,  hər qidaya qarşı uşaqda allergiya ola bilər. Buna görə də körpələrə qida 3 gündə bir və tək-tək daddırılmalıdır. İnək südünün və yumurta ağının 1 yaşdan öncə verilməsi qadağandır. Portağal, naringi  kimi turşuluğu olan qidalar əvəzinə alma, armud kimi meyvələrdən başlamaq daha münasibdir.  Kartof və balqabaq başlanğıc üçün ən uyğun qidalardır.” Həmsöhbətimiz, həmçinin   vurğuladı ki,  valideynlər xüsusi olaraq aşağıdakı qidaları 1 yaşdan əvvəl körpələrə verməməlidirlər: “Bəslənmənin ən önəmli olduğu vaxt 0-2 yaş arasındadır. Çünki uşaqlar bu dönəmdə daha sürətlə böyüyür və inkişaf edirlər.  Güclü bir protein olan yumurta ağı yüksək allergik reaksiya verən qidadır. Bal allergik olan çiçək tozlarından hazırlandığı üçün və botilium adlanan təhlükəli xəstəliyə səbəb ola biləcəyindən qadağan edilmişdir. İnək südü isə  1 yaşına qədər protein allergiyası səbəbi və yüksək protein və kalsium, hələ körpənin tam formalaşmayan həzm sisteminə ağır olacağından qadağan edilib. Bundan başqa, süd qaz, qəbizlik, dəmir  çatışmazlığı yarada biləcəyinə görə məsləhət  bilinmir.” Pediatr-neonatoloq Xanım Bəkirova isə sözügedən məsələ barəsində  bildirdi ki, bu gün cəmiyyətimizdə  öz körpələrini yalnız ana südü ilə qidalandıran analar azlıq təşkil edir: “Bəzi analar ya işlə bağlı, bəziləri isə bədən quruluşlarına zərər gəlməsindən çəkindikləri üçün ana südü verməkdən imtina edirlər.  Təbii ki, bu mövzuda hansısa xəstəliyi, südü yetərincə olmayan analar  isə istisna təşkil edir. Uşağın mədəsinə kənardan daxil olan bakteriya və mikroblar ana südü tərəfindən məhv edilir. Onun tərkibində xüsusi antitellər və zülallar var ki, onlar uşaqları müxtəlif yoluxucu xəstəliklərdən qoruyurlar. Ana südü ilə böyüyən uşaqlar ən az 6 ay bütün xəstəliklərdən qorunurlar. Süni qidaların gələcəkdə uşaqlara vurduğu zərər ölçüyəgəlməz dərəcədədir. Həmin qidaların əksəriyyətinin tərkibi fermentləşdirilmiş inək südüdür. 1 yaşa qədər uşaqlara inək südünün verilməsi tövsiyə olunmur. Gələcəkdə müxtəlif xəstəliklərin, o cümlədən allergiya xəstəliklərinin, dermatitlərin, pusolyazın, astmanın, diabetin əmələ gəlməsində aparılan tədqiqatlar göstərir ki, inək südünün rolu var. Əgər ana məcburiyyət qarşısında körpəsinə süni qida verirsə, bu zaman mütləq həkim məsləhəti olmalıdır. Özbaşına alınan qidalar körpə orqanizmində ciddi xəstəliklərə yol aça bilər.” Xanım Bəkirova onu da əlavə etdi ki, ana südü ilə əsası qoyulmayan qidalanma rejimini sağlam  adlandırmaq olmaz. Yeni doğulmuş körpə üçün ən gözəl qida ana südüdür. Süd vəzisinin tam süd hasil etmə vaxtı  48-72 saat ərzində baş verir. Buna baxmayaraq, yeni doğulmuş körpə ilk 2 saat ərzində döşə qoyulmalıdır. Bu, süd hasil etməni sürətləndirir. Ana südü immunoqlobulinlə və müxtəlif fermentlərlə zəngindir.  Döşlə  əmizdirmə körpənin tələbatına uyğun tənzimlənir. Körpələr yeni doğulmuş dövrdən 2 aya qədər hər 3 saatdan bir gündə 7 dəfə, 2 aydan 5 aya qədər 3-5 saatdan bir gündə 6 dəfə, 5 aydan 9 ayadək hər 4 saatdan bir gündə  5 dəfə, 9 aydan 12 ayadək günde 4 dəfə qidalandırılmalıdır.” Pediatr südverən analarda narahatlıq yaradan bir məsələdən də bəhs etdi: “Bəzən analar təlaşla südümdə mikrob çıxıb deyə, ana südü ilə qidalandırmağı saxlamaq istəyirlər. Sağlam ananın südü də sağlamdır, südü əkdirməyə ehtiyac yoxdur. Ana südü yalnız anada onkoloji, vərəm  xəstəlikləri zamanı və döş giləsində açıq yara varsa, əks  göstəriş ola bilər deyə əkilir. Övladınızı ana südündən məhrum etməyin. Ana südünü əvəz edəcək heç bir qida yoxdur. Ən bahalı süni qida belə,  ana südünü əvəz edə bilməz.” Hər birimiz istəyərək ki, övladımız  sağlam  orqanizmə sahib olsun.  Uşaqlarımızın sağlam böyüməsində rol oynayan  önəmli faktorlardan  biri də  düzgün qidalanmadır. Unutmayaq ki, uşaqların yemək rasionu  məhdudiyyət  və diqqət  tələb etməsi  baxımından  fərqlənir. Uşaqlar bizim gələcəyimizdirlər. Uşaqlarımızın  sağlam olması, gələcəyimizin, sabahımızın sağlamlığı deməkdir.