
Yay aylarında yüksək temperatur orqanizmə əlavə yük yaradır və qidalanma vərdişlərini düzgün qurmaq bu yüklənməni azaltmağa kömək edə bilər. Foodinfo.az xəbər verir ki, dietoloq Yelena Solomatina isti havada qidalanma prinsiplərini açıqlayaraq insanların özlərini necə daha yüngül və rahat hiss edə biləcəyini izah edib. Onun sözlərinə görə, günün ən isti saatlarında ağır yeməklərdən uzaq durmaq lazımdır.
Mütəxəssis bildirib ki, günorta yeməyi mümkün qədər yüngül olmalıdır. “Gün batmağa yaxın, hava bir qədər soyuduqca, orqanizm daha ağır yeməkləri həzm etməyə hazır olur. Ona görə də əsaslı yeməyi axşama doğru, amma yatmazdan xeyli əvvəl qəbul etmək daha düzgündür,” – deyə Solomatina qeyd edib.
Bundan əlavə, dietoloq uzun yemək fasilələrinin düzgün olmadığını deyib. “İsti havada orqanizmin həzm sistemi daha zəif işləyir. Ona görə də yeməyi az-az və tez-tez qəbul etmək məsləhətdir. Hər dəfə mədəyə az miqdarda qida düşəndə, bədən onu daha rahat həzm edir və lazım olan maddələri asanlıqla qəbul edir,” – deyə o əlavə edib.
Solomatina həmçinin yay menyusuna nələri daxil etməyin faydalı olduğunu da açıqlayıb. O, balıq, fermentləşdirilmiş süd məhsulları (məsələn, kefir və qatıq), nişastasız tərəvəzlər (pomidor, xiyar, brokoli) və şəkərsiz giləmeyvələr (moruq, böyürtkən, göyəm) tövsiyə edib. Bu məhsullar həm orqanizmi yükləmir, həm də tərkibindəki vitamin və probiotiklərlə bağırsaq fəaliyyətini yaxşılaşdırır.