Kanadalı sahibkarlar Mayk Medikof və Demien Vins tablet şəklində diş pastası hazırlayıblar. Foodinfo.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, bununla da onlar plastik qablaşmalardakı ənənəvi pastalara ekoloji təmiz alternativ yaratmağa çalışıblar. Vins və Medikofun kəşf etdiyi pasta “Change Toothpaste” adlanır və içərisində 65 ağ tabletin olduğu bioparçalanan paketdə satılır. Həblərdən birini arxa dişlərin arasında əzmək, daha sonra dişi adi qaydada təmizləmək lazımdır. "Bir plastik qab 500 ildən çox müddət ərzində parçalanmır və utilizasiya olmur. Ətraf mühitə daha az zərər vermək istəyiriksə, köklü dəyişikliklərə getməliyik. Uşaqlarımızın və nəvələrimizin təhlükəsiz və təmiz bir dünyada yaşamalarını istəyirik” - deyə Medikof və Vins açıqlama verib. Sahibkarları “Change Toothpaste” layihəsinə həvəsləndirən Medikofun plastik istifadəsinə qarşı çıxan 16 yaşlı qızı olub. Onlar uyğun bir format tapana qədər bir neçə ay pasta üzərində işləyib, ümumilikdə yüzə yaxın test formulu yoxlayıblar. Medikof və Vins, pastanın həkimlər tərəfindən təsdiqləndiyini və həm uşaqlar, həm də böyüklər üçün uyğun olduğunu iddia edir. “Change Toothpaste” pastasının bir paketi rəsmi veb saytında 10 dollara satılır.