Aşağı karbohidratlı pəhriz ömrü qısalda bilər, yeni araşdırmada deyilir.
Yeni bir araşdırmaya əsasən, az karbohidratlı pəhriz ömrü dörd ilə qədər qısalda bilər.
Karbohidratlı qidaların azlıq təşkil etdiyi Atkins kimi pəhrizlər çəki atmaq istəyənlər arasında getdikcə çox yayılır və bəzi xəstəliklərə tutulma riskini azaltdığı da üzə çıxıb.
Lakin ABŞ-da aparılan 25 illik bir araşdırma göstərib ki, az miqdarda karbohidrat qəbulu - və ya əti protein və yağ əsaslı bitkilərlə əvəzləmək daha sağlamdır.
Araşdırma yedikləri karbohidratın miqdarını yada salan insanlarla sorğu əsasında aparılıb.
"Böyük populyarlıq qazanır"
The Lancet Public Health jurnalında dərc olunan araşdırma çərçivəsində ABŞ-da 15.400 nəfər qəbul etdiyi qida və içki haqqında sualları cavablayıb.
Bunun əsasında alimlər onların karbohidratlar, yağlar və proteindən aldıqları kalori nisbətini hesablayıblar.
25 illik sınaqlardan sonra araşdırmaçılar müəyyənləşdiriblər ki, gündəlik enerjilərinin 50-55 faizini karbohidratdan alan qrupdakı insanların ölüm riski, az və çox karbohidrat qəbul edən qruplardakından daha aşağıdır.
Karbohidratlara tərəvəzlər, meyvə və şəkərdə rast gəlinsə də, onlar daha çox kartof, çörək, düyü və makaron kimi nişastalı qidaların tərkibində olur.
Araşdırmaçılar 50 yaşdan yuxarı insanların orta miqdarda karbohidrat qəbul etdikləri təqdirdə, təqribən 33 il daha çox yaşayacaqlarını təxmin edirlər.
Yəni, onlar digər qruplardan aşağıdakı fərqlə daha çox yaşaya bilərlər:
Enerjilərinin 30% və ya daha azını karbohidratlardan alan insanlardan (ekstra-aşağı karbohidrat qrupu) 4 il çox
Enerjilərinin 30-40 faizini karbohidratlardan alan insanlardan (aşağı karbohidrat qrupu) 2.3 il çox
Enerjilərinin 65% və ya daha çoxunu karbohidratlardan alan insanlardan (yuxarı karbohidrat qrupu) 1.1 il çox
Müəlliflərin müqayisəsinə əsasən, nəticələr 20 ölkə üzrə 400 mindən çox insanın daxil olduğu əvvəlki araşdırmaların nəticələri ilə oxşar olub.
Mütəxəssislərə görə, karbohidratları protein və yağ əsaslı bitkilərlə əvəzləmək sağlam yaşlanmağa kömək ola bilər.
Sonra isə alimlər heyvan protein və yağları ilə zəngin aşağı karbohidratlı pəhrizləri protein və yağ əsaslı bitkilərlə müqayisə ediblər.
Aydın olub ki, karbohidrat əvəzinə həddən artıq mal, qoyun, donuz və toyuq əti və pendir yemək ölüm riskini bir az artırır.
Lakin karbohidratları paxlalılar və ləpələr kimi protein və yağlarla zəngin bitkilərlə əvəz etmək ölüm riskini azalıdır.
Bostonda yerləşən Brigham və Qadın Xəstəxanasından klinik və elmi işçi və araşdırmanın rəhbəri Sara Seidelmann deyir: "Sağlamlıq baxımından və çəki itirmək məqsədilə karbohidratları protein və ya yağlarla əvəzləyən aşağı karbohidratlı pəhrizlər böyük populyarlıq qazanır.
Halbuki bizim əldə etdiyimiz məlumatlar, Şimalı Amerika və Avropada yayılan heyvan əsaslı və aşağı karbohidratlı pəhrizlərin ömrü daha da azaltdığını göstərir.
Bunun əvəzində, aşağı karbohidratlı pəhrizi seçən insanların bitki əsaslı yağlar və proteinlərdən faydalanmaları sağlam yaşlanmaya səbəb olar."
"Bəsləyici qidalara diqqət etmək kifayət deyil"
Müəlliflər düşünürlər ki, karbohidrat qəbulunu məhdudlaşdıran Qərb üsulu pəhrizlər, adətən, tərəvəz, meyvə və taxıl məhsullarının az yeyilməsinə köklənir.
Bu pəhrizlər, bədənin şişməsi və yaşlanmasını sürətləndirən heyvan protein və yağlarının daha çox qəbulu əsasında təşkil olunur.
Cambridge Universitetinin MRC epidemiologiya bölümündən professor Nita Forouhi (araşdırmada iştirak etməyib) deyir: "Sözügedən araşdırmadan çıxan mühüm nəticə budur ki, bəsləyici qidalara diqqət etmək kifayət deyil, həm də həmin qidaların heyvan və ya bitki mənşəli olmasına fikir vermək lazımdır.
"Karbohidrat qəbulu pəhriz ilə azaldığı zaman onun bitki mənşəli yağ və protein ilə əvəzlənməsinə önəm vermək lazımdır."
Lakin araşdırmanın çatışmayan tərəfləri də var.
Nəticələr, səbəb və təsir sınağı yox, müşahidə nəticəsində əldə olunub. Yəni, araşdırmada iştirak edən insanlar qəbul etdikləri qida haqqında özləri məlumat veriblər. Bu məlumatlar isə dəqiq olmaya bilər.
Və müəlliflər qəbul edirlər ki, pəhrizlər araşdırmanın başlanğıcında və 6 il sonra yoxlanıb və sonrakı 19 il ərzində pəhriz formaları dəyişə bilər.
"Yüksək lif qəbulu"
Kral Kolleci London Universitetinin bəslənmə və dietetika (pəhriz mütəxəssisliyi) üzrə təqaüdçü müəllimi, professor Tom Sanders araşdırmada qida sorğusundan istifadənin insanların qəbul etdikləri kalori və yağları düzgün qiymətləndirməməsinə yol açdığı ilə razıdır.
"ABŞ-da aparılan bu və digər araşdırmaların nəticələrinin bir izahı odur ki, onlar artıq çəki nəticəsində ölüm riskinin yuxarı olmasını əks etdirir. Bu isə iki populyar pəhrizlə uyğun gələ bilər: yüksək ət/aşağı karbohidrat pəhrizi və aşağı yağ/yüksək karbohidrat pəhrizi," o əlavə edir.
Public Health England agentliyinin baş dietoloqu Alison Tedstone deyir: "Bu, bir daha sübut edir ki, aşağı karbohidratlı pəhrizlər sağlamlığımıza uzunmüddətli ziyan vura bilər.
"Liflə zəngin nişastalı karbohidratlar enerjimizin təxminən yarısını təşkil edir. Bura meyvə və tərəvəzlər də daxildir. Amma yüksək yağlı ət və süd məhsullarını azaltmaq şərti ilə..."
(BBC Azərbaycanca)